Barak Obama arvadının nənəsinin kitabına and içdi
21.1.2013

ABŞ prezidenti Barak Obama dövlət başçısı postunda dünən ikinci dəfə inauqurasiya mərasiminə qatılaraq and içib.

Obamadan əvvəl vitse-prezident Co Bayden and içib.
Təntənəli inauqurasiya mərasimi isə bu gün Vaşinqtondakı Milli Park esplanadasında keçiriləcək.
Mərasimə yüz minlərlə insan yığışacaq.

Obama bazar günü günorta and içib. Ağ Evin Mavi zalında keçirilmiş mərasim təxminən yarım dəqiqə davam edib.
Mərasimi Obamanın xanımı Mişel Obama, qızları Maliya və Saşa, habelə bir neçə jurnalist müşahidə ediblər.
Andiçmə mərasimini ABŞ Ali Məhkəməsinin sədri Con Roberts keçirib.

Obama əlini xanımı Mişelin nənəsi Lavon Delores Robinsona məxsus Bibliyaya qoyaraq and içib.

And içəndən sonra Obama Robertsin əlini sıxıb, arvadı və qızlarını öpüb, sonra da ailəsinə deyib: "Mən bunu etdim!"

Beləliklə, Barak Obama bazar günü, təntənəli inauqurasiya mərasiminə bir gün qalmış and içən 7-ci prezident oldu.

Bu gün Kapitolidə keçiriləcək təntənəli inauqurasiya mərasimində isə Obama 1861-ci ildə prezident Avraam Linkolnun and içdiyi Bibliyaya əl qoyaraq and içəcək.
Obama habelə, bir zamanlar Martin Lüter Kinqə məxsus Bibliyadan da yararlanacaq.

Milli.Az