Hər il “Royal Concertgebouw Orchestra” (Niderland Kral Orkestri) əvvəlki ilin daha uğurlu premyeralarının səsyazısı olan kompakt-disklərin işıq üzü görməsinə təşəbbüs göstərir.
2018-ci ildə disklərin bu nüfuzlu seriyasına Xalq Artisti, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, UNESCO-nun Sülh artisti, professor Firəngiz Əlizadənin “NASIMI Passion” əsəri daxil edilib. Xatırladaq ki, bu əsər keçən ilin aprelində Amsterdamın məşhur “Concertgebouw” konsert salonunda iki dəfə səslənib. Kompakt-diskə yazılmış “HORIZON 8” holland etiketindəki mətnin müəllifi, tanınmış musiqi tənqidçisi Floris Don Berlində və Cenevrədə keçirilmiş təqdimat mərasimlərində qeyd edib ki, “Firəngiz Əlizadənin çox gözəl əsəri “NASIMI Passion” təkcə bəstəkarın deyil, həmçinin “Concertgebouw”nun repertuar siyasətinin böyük nailiyyətidir. Biz ilk dəfə İslam dünyası təmsilçisinin Qərb və Şərqin musiqi ənənələrinin təması ideyasını təcəssüm etdirən, mənaca və ifadə şəklinə görə əzəmətli yeni əsərinin nümunəvi çıxışının şahidi olduq”.
“De Volkskrant” qəzeti F.Əlizadənin yeni əsərinin premyerasından şövqlə bəhs edib. Albomda məqalədən sitata yer verilir: “Firəngiz Əlizadə musiqisinin təsir gücü, məna tərzi və özünəməxsus intonasiyası ilk notdan dinləyiciləri valeh edir. Bu əsərin müəllifinin Şərq və müsəlman ölkəsi olan Azərbaycanın qadın bəstəkar olması xüsusilə heyrətamizdir”.
Resenziyada qeyd edilir ki, Firəngiz Əlizadənin musiqisi təsir gücünə görə Rixard Vaqnerlə müqayisə oluna bilər. Həmçinin əsərin dirijor Martin Brabbinsin rəhbərliyi altında simfonik orkestr, xor (rəhbər Klaus Ştok), Əvəz Abdulla (bariton) tərəfindən mükəmməl ifası da diqqətə çatdırılır.
Sonda Floris Don yazır: “Firəngiz Əlizadə təkcə unikal bəstəkarlıq dəst-xəttinə malik deyil, onun bu gün dünyaya söyləyəcəyi də var”.
Əlavə edək ki, qoşma albomda İmadəddin Nəsiminin orijinal mətnləri, habelə onların holland, ingilis və alman dillərinə tərcümələri yer alıb. Mütəxəssislər əmindirlər ki, F.Əlizadənin musiqisindən ibarət yeni kompakt-disk müasir klassik musiqisevərlərin kolleksiyasının bəzəyi olacaq.
azertag.az