Gürcüstan Yazıçılar Birliyinin Azərbaycan bölməsinin “Körük” jurnalı çapdan çıxıb
17.4.2018

Gürcüstan Yazıçılar Birliyində yaradılmış Azərbaycan bölməsi yeni layihənin icrasına başlayıb.

Bölmənin təşəbbüsü ilə “Körük” adlı aylıq ədəbiyyat və sənət jurnalının ilk nömrəsi işıq üzü görüb.

Bölmənin rəhbəri, şair Allahverdi Təkləli bildirib ki, jurnalın bu nömrəsində Azərbaycan, gürcü və rus yazıçılarının əsərləri, xalq yaradıcılığı nümunələri yer alıb. “Dərginin adı da təsadüfü seçilməyib. Körük alovlandıran, canlandıran, həyat, yeni nəfəs verən bir alətdir. Biz də seçdiyimiz ada uyğun olaraq münasibətlərimizə, mədəni əlaqələrimizin inkişafına yeni nəfəs, istilik vermək istəyirik”, - deyə A.Təkləli vurğulayıb.

Onun sözlərinə görə, bölmənin əsas məqsədi Azərbaycan ilə Gürcüstan arasında mədəni, elmi əlaqələrin inkişafına dəstək vermək, hər iki ölkənin mədəniyyətini daha geniş şəkildə təbliğ etməkdir. Bunun üçün Azərbaycan və gürcü ədəbiyyatı nümunələri, eləcə də digər xalqların şair və yazıçılarının əsərləri qarşılıqlı olaraq tərcümə olunaraq kitab, jurnal və digər vasitələrlə yayımlanacaq. Bölmənin təşəbbüsü ilə yeni layihələr hazırlanıb. Yaxın günlərdə Azərbaycan və gürcü gənclər, tələbələr və ədəbiyyatsevərlər daha maraqlı jurnal və kitablar əldə edə biləcəklər.

Məlumat üçün qeyd edək ki, Gürcüstan Yazıçılar Birliyinin nəzdində Azərbaycan bölməsi 2017-ci ilin sonlarında yaradılıb və şair Allahverdi Təkləli bölmənin rəhbəri seçilib.


azertag.az