Səfir: "Azərbaycan Meksikanın regiondakı mühüm tərəfdaşıdır"
19.4.2018

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Dövlət Miqrasiya Xidmətinin rəhbəri Firudin Nəbiyevlə görüşüb.

Görüşdə miqrasiya sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Meksikalı diplomat Azərbaycanın Meksikanın regionda mühüm tərəfdaşı olduğunu vurğulayaraq, iki ölkə arasında olan siyasi və ticarət əlaqələrinin inkişafının vacibliyini bildirib.

Bundan əlavə, o, Meksika Milli Miqrasiya İnstitutunun fəaliyyəti və strukturu haqqında məlumat verərək, onun tərəfdaşı olan Azərbaycan Dövlət Miqrasiya Xidməti ilə müxtəlif fəaliyyət növləri üzrə əməkdaşlıq imkanlarından söz açıb.

Öz növbəsində, Firudin Nəbiyev deyib ki, Dövlət Miqrasiya Xidməti miqrantların təhlükəsiz, nizamlı və müntəzam hərəkətinə zəmanət verir. O, həmçinin Meksikanın Milli Miqrasiya İnstitutu ilə əməkdaşlığa maraq göstərdiklərini bildirib.

report.az