Azərbaycan millisinin baş məşqçisi Qazaxıstanla yoldaşlıq görüşünü dəyərləndirib
19.4.2018

Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanov iyunun 5-də Astanada Qazaxıstan yığması ilə keçirəcəkləri yoldaşlıq görüşü barədə danışıb.

46 yaşlı mütəxəssis rəqib komandanın da Millətlər Liqasında iştirak etdiyini və təcrübəli baş məşqçiyə malik olduğunu vurğulayıb. O bildirib ki, Stanimir Stoilovun Qazaxıstan millisinin sükanı arxasına gətirilməsi yaxşılığa doğru dəyişikliyin olacağından xəbər verir.

Q.Qurbanov rəqib barədə məlumat toplamağa başladıqlarını söyləyib: “Stoilov klub karyerasında yaxşı nəticələr əldə edib. Onlarda dəyişiklik mütləq yaxşılığa doğru gedəcək. Bizi rahat oyun gözləmir. Amma hələ bu görüşə çox var. Bu gün tam fikirlərimi açıqlaya bilmərəm. Bütün diqqətimi çempionat görüşlərinə yönəltmişəm. Yavaş-yavaş məlumat toplamağa başlamışıq. Konkret fikirləri bir az zaman keçəndən sonra bildirəcəyəm.

Baş məşqçi deyib ki, millinin növbəti tolanışında əvvəlcədən Bakıda iki, səfərdə isə bir yoldaşlıq görüşü keçirməyi planlaşdırıblar. Lakin Qazaxıstan Futbol Federasiyasından gələn təklifi müsbət cavablandırmağı lazım biliblər: “Açığı, əvvəlcə iki oyunu Bakıda keçirmək istəyirdik. 4 gündə 2 matç planımız var idi. Variantlara baxırdıq, belə bir təklif çıxdı, səfərə getməyə razılıq verdik”.

Qeyd edək ki, Azərbaycan millisi mayın 29-da Bakı Olimpiya Stadionunda Qırğızıstan, iyunun 9-da isə Riqada Latviya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Qazaxıstanla görüş isə "Astana Arena"da olacaq.

report.az