Bursa şəhərlərarası avtobus terminalında polisin keçirdiyi əməliyyat zamanı 70 yaşında bir qadının üzərindən 500 ədəd uyuşdurucu həb tapılıb.
Milli.Az Habertürk-ə istinadən bildirir ki, əvvəllər də bir neçə dəfə polislə «təmasları» olan Ahizar Karasöyütün: «Mən bu dərmanların xərçəngə qarşı olduğunu zənn edirdim», - deməsi polis əməkdaşlarını güldürüb.
Bursa Əmniyyət müdürlüyünün qaçaqçılıq və banditizmə qarşı mübarizə şöbəsi narkotik bürosuna bir qadının İstanbuldan Bursaya uyuşdurucu həblər gətirəcəyi barədə məlumat daxil olub. Şəhər avtovağzalında İstanbul avtobusundan düşən köhnə tanışlarını - A.Karasöyütü - görən polislər dərhal qadını saxlayıblar.
Qadın ifadəsində: «Onların uyuşdurucu olduğunu bilmirdim. Bir xərçəng xəstəsi var, ona gətirmişəm. Mən quldurbaşıyam məgər? Bir xəstəyə əmanət edilmiş dərmanları aparırdım, vəssalam», - deyib.
Ədliyyəyə aparılan qadın fürsətdən istifadə edib olayı görüntüləyən jurnalistlərə də «ayaqüstü» açıqlama verib: «Mən nə bilim bu uyuşdurucu imiş?»
70 yaşlı narkotik ticarətçisi qadın həbs edilib.
Milli.Az