“Azərxalça” yeni xalça emalatxanalarının və xammal tədarükü məntəqələrinin tikintisini davam etdirir
20.4.2018

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) bölgələrdə ənənəvi xalq üsulu ilə xalça toxuculuğu şəbəkəsinin genişləndirilməsi prosesini davam etdirir.

ASC-nin mətbuat xidmətindən bildirilib ki, bu il Bakı, Naxçıvan, Abşeron, Lənkəran, Biləsuvar, Kürdəmir, Qobustan, Şabran, Tərtər və Goranboyda xalça istehsalı emalatxanalarının tikintisi başa çatdırılacaq. Hər bir xalça emalatxanasında il ərzində təxminən 700 kvadratmetr xalça toxunması nəzərdə tutulub.

Respublikada xalça istehsalının xammal bazasının təşkili məqsədilə Naxçıvan şəhərində, Bərdə, Qobustan, Sabirabad və Şabran rayonlarında regional yun və boyaq bitkilərinin tədarükü məntəqələri üçün binalar inşa olunur. Məntəqələrə gətirilən 1500 ton yun Sumqayıtda tikilən Əyrici-Boyaq Fabrikində emal ediləcək. 750 ton kirli yundan ASC-nin 30 rayonda yaradılacaq filiallarında xalça toxunmaq üçün 250 ton yun iplik hazırlanacaq. Qalan 750 ton kirli yundan isə təmiz yun emal edilərək həm daxili, həm xarici bazarlara çıxarılacaq.

Tədarük məntəqələri regional xarakter daşıyır. Onlar əsasən yaxın və ətraf rayonları əhatə edir. Bərdədə inşası aparılan yun və boyaq bitkilərinin tədarükü məntəqəsi Ağdam, Füzuli, Beyləqan, Ağcabədi, Tərtər, Goranboy, Daşkəsən, Göygöl, Şəmkir, Tovuz, Qazax, Ağstafa rayonlarına və Yevlax şəhərinə xidmət göstərəcək. Qobustan, Şamaxı, İsmayıllı, Ağsu, Göyçay, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən, Ağdaş, Zərdab rayonları və Şəki şəhərinin sakinləri istehsal etdikləri yunu Qobustanda fəaliyyət göstərəcək tədarük məntəqəsinə verəcəklər. Sabirabaddakı məntəqə Hacıqabul, Saatlı, Salyan, Kürdəmir, Ucar, İmişli, Lerik, Yardımlı, Biləsuvar, Neftçala rayonlarını və Lənkəran şəhərini əhatə edəcək. Şabran regional tədarük məntəqəsinin imkanlarından Quba, Qusar, Xaçmaz, Siyəzən və Xızı rayonlarının sakinləri bəhrələnəcəklər. Naxçıvan şəhərində yaradılan məntəqə isə muxtar respublikanın bütün rayonlarını əhatə edəcək.

Cəmiyyətin bu ildə yaradılacaq xalça emalatxanalarında, tədarük məntəqələrində 2 minə yaxın insan daimi və mövsümi işlə təmin olunacaq.

azertag.az