Bakı Xoreoqrafiya Akademiyası təhsil kompleksinin tam orta məktəbinin şagirdləri Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş konsert proqramı ilə çıxış ediblər.
Akademiyadan bildirilib ki, əvvəlcə qonaqlar Ulu Öndərin vaxtilə Xalq Artisti Leyla Vəkilova başda olmaqla bir neçə rəqs xadimləri ilə görüşünü əks etdirən videoçarxa baxıblar.
Sonra akademiyanın şagirdləri Əməkdar Mədəniyyət İşçisi Lyudmila Qutlyanskayanın quruluşunda “Yatmış gözəl”, “Kukla” baletlərindən variasiyalar, “Konyok Qorbunok” baletindən rəqs, Əməkdar Müəllim Pellumb Aqalıyayın quruluşunda “Jizel” baletindən variasiya, Yelena Çerevatovanın quruluşunda Şopenin bəstəsi olan “Polonez”, Pərvin Nəcəfovanın quruluşunda “Kapellia” baletindən “Pryalki”, Yekaterina Mustafayevanın quruluşunda Tofiq Quliyevin “Vals” rəqsi, Zəminə Sadıqzadənin quruluşunda “Şənlik rəqsi” , Cəmilə Məmmədovanın quruluşunda “Dəniz” klassik modern rəqsi, Xalq Artisti Yusif Qasımovun quruluşunda “Şənlik” rəqsi, Əməkdar Artist Səbinə Qasımovanın quruluşunda “İnnabı” rəqsi, habelə maestro Niyazinin “Rast” simfonik muğamından parça və Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından “Qızların rəqsi”ni ifa ediblər.
Konsert proqramı maraqla qarşılanıb.
azertag.az