Azərbaycan Dillər Universiteti (ADU) Yeni Azərbaycan Partiyasının və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirir.
ADU-dan verilən məlumata görə, konfransın bölmələri Azərbaycan, Türkiyə, Almaniya, İtaliya, Serbiya, Rusiya, Çin, Ukrayna, Belarus və Gürcüstanın universitetlərində təşkil olunub.
Konfransın müxtəlif ölkələrdə keçirilən bölmə iclasları öz işini davam etdirir. Rusiyanın B.Yeltsin adına Ural Federal Universitetində “AXC – Şərqdə ilk demokratik respublikadır” mövzusunda, Ukraynanın Kiyev Milli Linqvistik Universitetində “Azərbaycan-Ukrayna münasibətlərinin inkişafında Heydər Əliyevin rolu” mövzusunda, Türkiyənin Atatürk Universitetində “Heydər Əliyev və türk dünyası” və Ərciyəs Universitetində “Müasir Azərbaycan: sosial, siyasi və iqtisadi inkişaf” mövzusunda, A.S.Puşkin adına Dövlət Rus dili İnstitutunda "Sərhədlərin fövqündə: Rusiya və Azərbaycan-mədəniyyətlərarası dialoq təcrübəsi” mövzusunda, İtaliyanın Cənubi Latsio Universitetində “Multikulturalizm, sosial təhlükəsizlik, immiqrasiya, azadlıq” mövzusunda, Moskva Dövlət Linqvistik Universitetində “Dillərin və mədəniyyətlərin dialoqu çoxqütblü dünyada birgəyaşayışın amili kimi” mövzusunda, Moskva Pedaqoji Universitetinin (MPU) Samara filialında “Şərq-Qərb: XXI əsrdə mədəniyyətlərarası dialoq” mövzusunda bölmə iclasları keçirilib.
Aprelin 21-də İ.Cavaxişvili adına Tbilisi Dövlət Universitetində (TDU) Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın “Azərbaycan-Gürcüstan münasibətlərinin təşəkkülündə Heydər Əliyevin rolu” mövzusunda bölmə iclası keçirilib.
Tədbirdən öncə konfrans iştirakçıları Heydər Əliyev adına parkda ulu öndərin büstü önünə əklil qoyaraq xatirəsini yad ediblər.
İclasın keçirildiyi zalda Heydər Əliyev guşəsi yaradılıb, Ulu Öndərin fəaliyyətindən bəhs edən kitablar, fotoşəkillər sərgilənib.
Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub. Sonra Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş beynəlxalq konfransın bölmə iclası ilə əlaqədar Azərbaycan Dillər Universitetinin rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdullanın təbrik və təşəkkür məktubu oxunub.
Konfransın bölmə iclasnda Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, Gürcüstan və Azərbaycan ali məktəblərinin professorları, elmi işçiləri və Tbilisi Dövlət Universitetinin azərbaycanlı tələbələri iştirak ediblər.
Açılış nitqi ilə çıxış edən Tbilisi Dövlət Universitetinin Multikulturalizm Mərkəzinin rəhbəri professor Davit Qoçiridze Azərbaycan-Gürcüstan münasibətlərindən söz açıb, bu cür konfransların ikitərəfli əlaqələrin inkişafında mühüm rol oynadığını bildirib. O, Heydər Əliyevin multikulturalizm və dövlətçilik ideyasının bütün dünya üçün nümunə olduğunu qeyd edib. Davit Qoçiridze bildirib ki, ilk dəfə dünya azərbaycanlılarının qurultayının keçirilməsi, Azərbaycanda bütün dinlərin vəhdətinin təşkili Heydər Əliyev siyasətinin nümunəsidir.
Sonra Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov çıxış edərək Heydər Əliyevin iki ölkə arasında münasibətlərin möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışıb. Səfir bildirib ki, ulu öndər Heydər Əliyev hər zaman Gürcüstanla münasibətlərə böyük önəm verib, Azərbaycan çətin dövrlərində həmişə Gürcüstanın yanında olub. Diplomat Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdikləri regional layihələrin beynəlxalq əhəmiyyətini xüsusi qeyd edib. Prezident İlham Əliyevin Ümummilli Liderin siyasi kursunu uğurla davam etdirdiyini vurğulayan səfir deyib ki, dövlətimizin başçısının məqsədyönlü siyasəti nəticəsində Azərbaycan və Gürcüstan arasındakı əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. O, mövcud münasibətlərin bundan sonra da daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.
Tbilisi Dövlət Universitetinin professoru Kaxaber Loriya deyib ki, Gürcüstan dövlətinin möhkəmlənməsində Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilmiş strateji enerji, nəqliyyat layihələrinin böyük rolu olub.
Sonra Ş.Rustaveli adına Batumi Dövlət Universitetinin professoru Revaz Diasamidze, Tbilisi Dövlət Universitetinin professorları Vasili Kaçarava, Mariam Mandjqaladze, Qeorqi Kvikadze və başqaları çıxış edərək Azərbaycan-Gürcüstan münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin xidmətlərindən danışıblar. Bildirilib ki, Heydər Əliyevin Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafında tarixi rolu var, gürcü xalqı Heydər Əliyevin bu xidmətlərini yüksək qiymətləndirir, onun xatirəsini əziz tutur.
Çıxışlarda qeyd edilib ki, Gürcüstanın və Azərbaycanın ümumi maraqları və ərazi bütövlüyü ilə bağlı eyni problemi var. Hər iki dövlət bu problemin sülh yolu ilə həllinin tərəfdarıdır.
Azərbaycan Dillər Universitetinin (ADU) beynəlxalq münasibətlər kafedrasının müdiri, siyasi elmlər doktoru Aidə Yusifzadə çıxışında bildirib ki, Gürcüstan ilə qarşılıqlı faydalı əlaqələrin bütün strateji əhəmiyyətli sahələrdə inkişaf etdirilməsi Azərbaycanın xarici siyasətində mühüm istiqamətlərdən biridir. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra Gürcüstan ilə münasibətlərin bütün sahələrdə inkişaf etdirilməsini xarici siyasətdə mühüm vəzifələrdən biri kimi müəyyənləşdirdiyini qeyd edən A.Yusifzadə bildirib ki, həmin dövrdən etibarən Gürcüstan-Azərbaycan əlaqələrinin genişləndirilməsi istiqamətində ciddi addımlar atılıb. Bildirib ki, bu gün Azərbaycan-Gürcüstan münasibətləri artıq strateji əməkdaşlıq səviyyəsində öz inkişafını davam etdirir.
İclasda müxtəlif mövzular üzrə məruzələr dinlənilib. ADU-nun beynəlxalq münasibətlər kafedrasının müdiri Aidə Yusifzadə “Heydər Əliyev siyasətində multikultural cəmiyyətin qurulması”, ADU-nun dosenti Aqil Şahmuradov “Neft sahəsində Azərbaycan-Gürcüstan münasibətləri”, TDU-nun professoru Mariyam Mandjqaladze və ADU-nun dosenti Sevda İmanova “Müstəqillik illərində Azərbaycanın və Gürcüstanın dil siyasəti”, Batumi Dövlət Universitetinin rektoru Merab Xalvaşi və bu universitetin professoru Revaz Diasamidze “Multikulturalizm sosial sabitliyin ideoloji və siyasi amili kimi” mövzularda məruzə ilə çıxış ediblər.
Xatırladaq ki, “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda beynəlxalq konfransın bağlanış mərasimi 4-5 may tarilərində Azərbaycan Dillər Universitetində keçiriləcək. Tədbirdə 11 ölkənin universitetlərinin və digər beynəlxalq qurumların nümayəndələri iştirak edəcəklər.
trend