"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti bənövşəyi xətt üzrə stansiyada tikinti işlərini sürətləndirib.
Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev bildirib:
"Bənövşəyi xəttin B3 adlanan stansiyasında tikinti işlərini daha da sürətləndirmişik. Həmçinin Dərnəgül elektrik deposunda da işlər sürətləndirilib".
Qeyd edək ki, Bakı Metropoliteninin hazırda 25 stansiyası, 1 elektrik deposu və 36,6 kilometr uzunluğunda 3 xətti var. “Bakı Metropoliteni Xətlərinin Konseptual İnkişaf Sxemi”nə əsasən gələcəkdə metropolitenin ümumi şəbəkəsi 3 mövcud - Yaşıl, Qırmızı və Bənövşəyi, həmçinin 2 əlavə yeni xətt - Mavi və Sarı xətlər olmaqla 5 xətdən, 76 stansiyadan, 6 elektrik deposundan və 119,1 kilometr metro xəttindən ibarət olacaq. Perspektivdə 51 yeni stansiyanın inşa edilməsi və 84,3 kilometr uzunluğunda metro xəttinin çəkilməsi nəzərdə tutulub.
trend