Bakıda “jAzzeri Bands” caz musiqisi axşamı təşkil edilib
23.4.2018

Aprelin 21-də Heydər Əliyev Sarayında tanınmış caz ifaçılarının konserti olub.

Konsertdən əvvəl çıxış edən tanınmış jurnalist Rahib Azəri caz sənətinin tarixi və Azərbaycanda inkişafından söhbət açıb. Qeyd edib ki, ötən əsrin 20-ci illərində ABŞ-da yaranmış bu musiqi janrı bir neçə il sonra Azərbaycanda da cazsevərləri ətrafına toplayıb.

“jAzzeri Bands” caz musiqi axşamında bəstəkar, ustad caz musiqiçi, Əməkdar İncəsənət Xadimi Cəmil Əmirov, Azərbaycan tar ifaçılıq məktəbinin gənc və istedadlı nümayəndəsi, tarzən Şəhriyar İmanov (tar), Nərmin Kərimbəyova, Elvin Bəşirov, Leys İzzy və H3 Collective iştirak ediblər.

Parisdə yaşayan və Fransanın məşhur “Center des Musique Didier” musiqi mərkəzində təhsil alan istedadlı caz ifaçısı, bəstəkar və pianoçu Etibar Əsədli konsertin xüsusi qonağı olub. Qeyd edək ki, gənc pianoçu Avropanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edib, beynəlxalq caz festivallarında və müxtəlif layihələrdə iştirak edib. Hər zaman öz çıxışları və bəstələri ilə musiqisevərlərin rəğbətini qazanıb. Azərbaycan mədəniyyəti və musiqisinin dünya auditoriyasına çatdırılmasında və təbliğində mühüm işlər görüb.

Konsert proqramı musiqisevərlər tərəfindən maraqla qarşılanıb.


azertag.az