Gənc Tamaşaçılar Teatrının aktyorları növbəti səfərə hazırlaşırlar
23.4.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Makedoniyanın Bitola Mədəniyyət Mərkəzinin dəvəti ilə mayın 10-dan 16-dək Bitola şəhərində keçiriləcək “XX Beynəlxalq Monodram” festivalında iştirak edəcək.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə reallaşacaq festivalda iştirak etmək üçün Xalq Artisti, rejissor Cənnət Səlimova, Əməkdar Artist Şövqi Hüseynov və səhnə maşinisti Zaur Abbasov qeyd edilən şəhərə ezam olunacaq.

Kollektiv festivalda P.Züskindin “Kontrabas” əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa ilə çıxış edəcək. Həmçinin dünyanın bir sıra teatr mütəxəssisinin rəhbərliyi ilə keçiriləcək ustad dərslərində, treninqlərdə, səhnə döyüşü və texnikası məşğələlərində iştirak edəcəklər.

Qeyd edək ki, “Kontrabas” tamaşası indiyədək İran, Türkiyə, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb.


azertag.az