Londonda fəaliyyət göstərən “Gazelli Art House” müasir incəsənət qalereyasında azərbaycanlı rəssam Niyaz Nəcəfovun fərdi sərgisi açılmışdır.
“Sümüklərin rəqsi” adlı sərgidə gənc rəssamın yağlı boya ilə kətan üzərində çəkdiyi rəngarəng rəsm əsərləri incəsənət həvəskarlarına təqdim olunur.
Rəssam əsərlərində özünün yaradıcılıq süzgəcindən keçirdiyi mövqeyini nümayiş etdirir. Gündəlik həyatda baş verən hadisələri ümumiləşdirərək təsvirlərə ötürmək qabiliyyətindən yararlanan fırça ustasının əsərləri böyük tamaşaçı marağına səbəb olmuşdur.
Hələ əvvəllər də-2005-ci ildə “Kişi və qadın”, 2007-ci ildə BMT-nin Cenevrə Bölməsinin Millətlər Sarayında “Qobustandan yol gələn naxışlar”, 2008-ci ildə isə Almaniyanın Berlin şəhərində keçirilən onlarla sərgilərdə iştirak edən rəssamın əsərləri xarici sənətsevərlər və mütəxəssislər tərəfindən maraqla qarşılanmışdır.
Rəssam 2009-cu ildə ölkəmizi 53-cü Beynəlxalq Venesiya Biennalesində təmsil etmişdir.
N.Nəcəfov Londonun məşhur “Phillips de Pury & Company” sərgi qalereyasında Heydər Əliyev Fondunun və “Baku” jurnalının ingilisdilli versiyasının dəstəyi və təşkilatçılığı ilə keçirilən “Bakıya uçuş. Müasir Azərbaycan incəsənəti” sərgisində də iştirak etmişdir.
Müasir incəsənətin tanınmış simalarından olan Niyaz Nəcəfov 2003-cü ildə rəssamlığa həvəskar kimi, özünün peşəkar idmançı karyerasını davam etdirməklə başlamışdır.
Fərdi sərgi martın 7-dək davam edəcəkdir.
Milli.Az