İngiltərəli səyyah Pol Stil Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarından yazır
Böyük Britaniyanın “baldhiker.com” saytında bu elektron resursun yaradıcısı, 2011-ci ildə turizm sahəsində yazan ən güclü jurnalist adına layiq görülmüş Pol Stilin Azərbaycana növbəti səfəri ilə bağlı təəssüratlarını əks etdirən məqaləsi yerləşdirilib.
Müəllif yazır ki, bu, Azərbaycana dördüncü səfərim idi və paytaxt Bakıda olmaqdan çox xoşbəxt idim. Bakı, şəxsən mənim ən çox görmək istədiyim və sevdiyim şəhərlərdən biridir.
Azərbaycana - zəngin tarixi və mədəni irsə sahib olan, ləziz təamları ilə hamını heyran edən bu ölkəyə hər dəfə səyahət etdikdə, nə isə yeni bir şey öyrənməli və kəşf etməli oluram.
Xəzər dənizi ilə üzbəüz, Qədim Bakının ön kənarında, Azərbaycanın rəmzi sayılan və mənim hər dəfə heyranlıqla özüm üçün kəşf etmək istədiyim, ancaq hər dəfə buraya gələrkən ya arxeoloji qazıntılar, ya da bərpa işləri ilə əlaqədar bu abidə ilə yaxından tanış olmaq mənə nəsib olmurdu. Bu dəfə isə tale üzümə gülmüşdü. Bəli, mənim bu səyahətim zamanı Bakının rəmzi olan bu sirli tarixi memarlıq abidəsi ilə tanışlığım baş tutdu. Həm abidənin içərisində olmaq, həm də lap üstünə çıxıb oradan Bakını seyr etmək kimi şərəfə nail oldum.
Niyə Qız Qalası?
Tarixi memarlıq abidəsi olan Qız Qalası ilə bağlı əsrlər boyu dolaşan əfsanədən başqa, bir çox digər sirli məqamlar da mövcuddur. Bakının əsas rəmzi olan, qədim hörgüsündəki daşların sayı qədər özündə sirlər saxlayan Qız Qalasının həm daxili, həm də xarici görünüşü ilə bağlı maraqlı məqamlar var.
Bakının sirlərlə dolu olan bu qülləsi XII əsrin abidəsi hesab edilir. Ancaq bəzi alimlərin fikrincə, Qız Qalasının yanında ona bitişik kiçik qüllənin tarixi bundan da əvvələ, yəni VII əsrə təsadüf edir. Əlbəttə yaddan çıxarmaq olmaz ki, biz odlar yurdu sayılan Azərbaycandayıq və Qız Qalası ilə bağlı bir çox məqamların da məhz bununla bağlı olduğunun bir azdan şahidi olacaqsınız və bu tarixi abidənin atəşpərəstlər üçün əhəmiyyətini də biləcəksiniz.
Bəzi arxeoloqlar Qız Qalasının üst tərəfində ocaq qalamaq üçün xüsusi 7 çıxıntının olduğunu iddia edirlər. Alimlərin fikrincə, bu qüllə orta əsrlərdə Şirvanşahlar sarayının müdafiə sisteminin tərkib hissəsi olub. Təhlükə yarananda gecə saatlarında alovun, gündüzlər tüstünün köməyi ilə buradan başqa qüllələrə həyəcan siqnalı ötürülürmüş. Zərdüştlük dinində isə bunu cənnətə gedən yolda 7 addım və ya səmanın 7 qatı kimi də izah edirlər.
Qız Qalasının yaxınlığında yerləşən ərazidə atəşpərəstlərin alov məbədi kimi istifadə edilən IX əsr məscidinin qalıqları tapılıb ki, bu da Zərdüştlük məbədi və alovla bağlı yuxarıda səslənən fikirləri bir daha sübut edir.
Ən möhtəşəm fakt odur ki, qüllənin ilk 3 alt mərtəbəsi Alov Məbədi kimi istifadə olunub, buna sübut isə həmin zaman qüllənin inşasında istifadə edilən daşın İçərişəhərin binalarında istifadə olunan daşlardan fərqlənməsidir. Böyük ehtimal ki, həmin mərtəbələr IV-V əsrlərdə tikilib.
Qız Qalasının adına gəldikdə isə, onunla bağlı bir çox əfsanə və rəvayətlər mövcuddur.
Qalanın içərisində yerləşən muzeydə çox maraqlı tarixi və memarlıq tapıntıları var. Onların bəzilərini canlı görmək daha düzgün olardı. Məsələn, Bakının rəmzlərinin tarixi. Bakıya səyahət etsəniz, orada divarlarda və ya binaların üzərində şəhərin rəmzi оlаn öküz bаşı və şir rəsmlərinin həkk olunduğunu görə bilərsiniz.
Divarlarda həkk olunan şirlər şəhərin divarlarını, öküz isə şəhərin özünü simvolizə edir. Xatırladaq ki, İçərişəhər bir zamanlar daxildən, həm də xaricdən qala divarları ilə əhatə olunubmuş. XIX əsrdə xaricdən ikinci qala divarının ruslar tərəfindən sökülməsinə icazə verilir. Qız Qalası üzərindən bütün şəhəri seyr edərkən həqiqətən də ətrafınızdakı tarixi və qədim şəhərin necə əlverişli müdafiə sistemi ilə qorunduğunun şahidi olacaqsınız. Mən nəhayət ki, bu tarixi abidənin və qüllənin bütün şəhər və ümumiyyətlə, Azərbaycan xalqı üçün niyə bu qədər vacib olduğunu indi başa düşürəm. Siz də Bakıya gəlsəniz bu möhtəşəm tarixi abidəni nəzərdən qaçırmayın.
azertag.az