“Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir
24.4.2018

Bakı Xətai Sənət Mərkəzində elan edilən “Azərbaycanım” adlı respublika uşaq rəsm müsabiqəsi davam edir. Müsabiqə Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.

Bu barədə sənət mərkəzinin direktoru Zahid Əvəzov məlumat verib.

Onun sözlərinə görə, “Xalq Cümhuriyyəti İli” çərçivəsində gerçəkləşən müsabiqə uşaqlarda bədii zövqün formalaşmasını stimullaşdırmaq, yaradıcılıq duyğularının inkışafı, əhatə olunmuş mühitə münasibət və ona yanaşma tərzinin mükəmməlləşməsinə təkan, ən əsası da doğma elə, Vətənə məhəbbəti aşılamaq məqsədilə təşkil olunur. İştirak etmək istəyənlər yaşadığı bölgənin mədəni və tarixi abidələrinin, mətbəx nümunələrinin, flora və faunasının, qədim əşya və ya qədim geyimlərinin, musiqi alətlərinin, müxtəlif peşə sahiblərinin (sağıcı, xalçaçı, çoban, sürücü və s.) obrazlarının təsviri, eləcə də hərbi vətənpərvərlik mövzusu, sərhədyanı problemlər və qəhrəmanların obrazlarının təsvirini tabloda əks etdirməli və yaratdığı işin fotosu ilə bərabər ad və soyad, təvəllüd, əlaqə nömrəsi, oxuduğu məktəb və ya təsviri sənətlə məşğul olduğu tədris mərkəzinin adını qeyd etməklə, mayın 5-dək Xətai Sənət Mərkəzinin xsm.2016@mail.ru adlı elektron ünvanına göndərə bilər. On beş yaşına qədər uşaq və yeniyetmələrin qatıla biləcəyi festivalda 30 əsər seçiləcək və həmin əsərlərin müəllifləri mükafatlandırılacaq.

Qeyd edək ki, AZƏRTAC müsabiqənin informasiya dəstəkçiləri sırasındadır.

azertag.az