Mayın 3-6-da Bakıda İtaliya Opera Günləri keçiriləcək.
Təşkilatçılar bildiriblər ki, İtaliya Opera Günləri bu ölkənin Bakıdakı səfirliyi, italyan bəstəkarı Françesko Maconun, bəstəkar Günay Mirzəyevanın və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə keçiriləcək.
Opera günləri Cakomo Puççininin “Madam Batterflay" operası ilə açılacaq. Operaya məşhur italyan dirijoru Yakopo Sipari di Peskassero dirijorluq edəcək. Madam Batterflay partiyasını Silvana Froli (İtaliya) ifa edəcək.
Qeyd edək ki, bu il məşhur italyan bəstəkarı Coakkino Rossininin ölümündən 150 il ötür.
İtaliya Opera Günləri çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Romanın "Cara İtalia, Alfin di Miro" Opera Teatrı tərəfindən C.Rossiniyə həsr olunmuş sərgi açılacaq. Sərginin ekspozisiyasında C.Rossininin musiqi əsərləri ilə bərabər, onun bədii yaradıcılığını əks edən əsərlər, habelə İtaliyanın tarixi səhnə geyimləri və məşhur rəssam Corcio de Kirikonun əsərləri təqdim ediləcək.
Sərgi mayın 3-dən 20-dək davam edəcək.
Mayın 4-də M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının kamera və orqan musiqisi zalında Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin, “Mədəniyyət” kanalının və Filarmoniyanın birgə təşkilatçılığı ilə opera orqan musiqisi konserti olacaq. Konsertdə məşhur orqançalan, "I Pomeriggi Musicali" orkestrının bədii rəhbəri Mauritsio Salerno geniş proqramla çıxış edəcək.
Layihə çərçivəsində "Sevilya bərbəri" operası oynanılacaq. Operaya məşhur italyan dirijoru Alessandro Kalkanilya dirijorluq edəcək. Fiqaro partiyasını bariton səsli ifaçı Daniele Kaputo təqdim edəcək.
azertag.az