Prezident İlham Əliyev Qran-Prinin açılış mərasiminə və final yarışına baxıb
30.4.2018

Bakıda Formula 1 Azərbaycan Qran-Prisinin əsas mərhələsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Formula 1 üzrə dünya çempionatının dördüncü mərhələsinin - Azərbaycan Qran-Prisinin əsas yarışına baxıblar.

Dövlət başçısı və birinci xanım əvvəlcə yarışın paytaxtın Azadlıq meydanındakı idarəetmə mərkəzində yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, böyük ərazini əhatə edən kompleksdə yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, Formula 1 rəhbərliyinin ofisləri, eləcə də iştirakçıların hər biri üçün dayanacaqlar tikilib. Burada Paddok klubun üzvləri üçün də yerlər nəzərdə tutulub. Paddok klubun üzvləri burada pit-stop əməliyyatlarını rahatlıqla izləyirlər. Məhz bu ərazidə yarışın startı və finişi yerləşir.

Sonra pilotların paradı və açılış mərasimi keçirilib.

Formula 1 Azərbaycan Qran-Prisinin paytaxtın Azadlıq meydanında keçirilən möhtəşəm açılış mərasimi maraqlı anları ilə yadda qaldı.

Paradda və himn mərasimində pilotları azyaşlılar müşayiət ediblər. Formula 1 şirkətinin və Beynəlxalq Avtomobil Federasiyasının “Gələcəyin ulduzları” adlı birgə təşəbbüsü çərçivəsində qəbul etdiyi yeni qərara əsasən, builki mövsümdən etibarən həm parad, həm də himn mərasimlərində pilotlar azyaşlılar tərəfindən müşayiət ediləcəklər.

Sonra Azərbaycan Respublikasının dövlət himni ifa olundu. Dövlət himnini Azərbaycanın Əməkdar Artisti, Prezident təqaüdçüsü İsfar Sarabskinin müşayiəti ilə “Səs Azərbaycan” musiqi yarışmasının qalibi Səbinə Əfəndi ifa edib.

Azərbaycan himninin ifasından sonra Formula 1 Azərbaycan Qran-Prisinin 51 dövrədən ibarət final mərhələsinə start verilib.

Final mərhələsində hər birində iki pilot olan on komandanın bir gün əvvəl keçirilən sıralanma yürüşünün nəticəsinə əsasən start xəttinə ən yaxın məsafədə “Ferrari” komandasının pilotu Sebastian Fettel, “Mercedes” komandasının sürücüləri Luis Hamilton və Valtteri Bottas dayanıblar.

Gərgin idman mübarizəsi şəraitində keçən Qran-Prinin əsas mərhələsində finiş xəttinə birinci “Mersedes” komandasının britaniyalı pilotu Luis Hamilton çatdı. “Ferrari”nin sürücüsü Kimi Raikkonen ikinci, “Force India” komandasının pilotu Serxio Peres isə üçüncü olublar.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilib.

Azərbaycan Qran-Prisinin qalibi Luis Hamiltona kuboku Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev təqdim edib.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Konstruktorlar kubokunu “Mersedes” komandasının nümayəndəsinə təqdim etdi.

İkinci yerin sahibi, “Ferrari”nin sürücüsü Kimi Raikkonenə kuboku Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, üçüncü yeri tutan “Force India” komandasının pilotu Serxio Peresə isə kuboku Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov təqdim etdilər.

Bakı trekinin uzunluğu 6 kilometr, ümumu məsafəsi isə 306 kilometrdir. Təhlükəsizliyin ən yüksək səviyyədə təmin olunduğu Bakı treki ən sürətli yarışlar kateqoriyasına daxildir. Trekin ən geniş yerinin eni 13, ən dar hissəsinin eni isə İçərişəhər ətrafında, o cümlədən 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edir.

Bakıda Formula-1 Azərbaycan Qran-Prisinə aprelin 27-də start verilib. Yarışın birinci günündə pilotlar Bakı trekində iki sərbəst yürüşdə güclərini sınayıblar. Ötən gün keçirilmiş sıralanma yürüşündən sonra isə Qran-Pridə pilotların düzülüşü müəyyənləşib.

Formula-1 Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda Formula-2 yarışları da keçirilib.

Xatırladaq ki, 2016-cı ildə Bakıda keçirilən Formula 1 Avropa Qran-Prisinin qalibi “Mercedes”in almaniyalı pilotu Niko Rosberq olub. Ötən il isə Formula 1 Azərbaycan Qran-Prisi “Red Bull Racing” komandasının avstraliyalı sürücüsü Daniel Rikkardonun qələbəsi ilə başa çatıb.


report.az