Mərhum qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunmuş "Shamkir Chess 2018" superturnirinə yekun vurulub.
IX turun mərkəzi qarşılaşması norveçli dünya çempionu Maqnus Karlsenlə çinli Dink Liren arasında oynanılıb.
Görüş 28-ci gedişdə heç-heçə ilə yekunlaşıb. Bununla da 9 oyundan 6 xal toplayan Karlsen "ShamkirChess"də üçqat qalib olub. Çinli qrossmeyster isə 5,5 xalla 2-ci yeri tutub.
Qalan görüşlərdən 3-də də eyni nəticə qeydə alınıb.
Qələbə şanslarını itirmiş Azərbaycan təmsilçilərindən Rauf Məmmədov ağ fuqurlarla Şəhriyar Məmmədyarovu sınağa çəkib. Tərəflər 27-ci gedişdə heç-heçəyə razılaşıblar. Teymur Rəcəbov qara fiqurlarla çexiyalı autsayder David Navara ilə xalı 23-cü gedişdə yarı bölüb.
Daha bir "sülh" polşalı Radoslav Voytaşeklə hollandiyalı Aniş Giri arasındakı görüşdə qeydə alınıb. Onların qarşılaşması 32-ci gedişdə yekunlaşıb.
Nəhayət, ən uzun sürən partiyada rusiyalı Sergey Karyakin bolqarıstanlı Veselin Topalovla qarşılaşıb. 5 saat 12 dəqiqə davam etmiş görüş Karyakinin qələbəsi ilə yekunlaşıb. Bununla da Karyakin 5 xalla 3-cü yeri tutub.
"Shamkir Chess 2018", IX tur, 28 aprel
Maqnus Karlsen (Norveç) - Dinq Liren (Çin) - 0,5:0,5
Sergey Karyakin (Rusiya) - Veselin Topalov (Bolqarıstan) - 1:0
Radoslav Voytaşek (Polşa) - Aniş Giri (Hollandiya) - 0,5:0,5
Rauf Məmmədov (Azərbaycan) - Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5
David Navara (Çexiya) - Teymur Rəcəbov (Azərbaycan) - 0,5:0,5
Yekun xal durumu: 1. Maqnus Karlsen - 6 xal, Dinq Liren - 5,5 xal, Sergey Karyakin - 5 xal, 4 - 7. Şəhriyar Məmmədyarov, Radoslav Voytaşey, Aniş Giri, Teymur Rəcəbov - hərəyə 4,5 xal, 8-9. Veselin Topalov, Rauf Məmmədov - hərəyə 4 xal, David Navara - 2,5 xal.
report.az