İstanbulda muğamsevərlər “Qarabağ şikəstəsi”ni hərarətli alqışlarla qarşılayıblar
30.4.2018

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin təşkilatçılığı ilə İstanbulda “Azərbaycana musiqi estafeti” şüarı ilə keçirilən konsert proqramları davam edir.

Silsilə tədbirlər çərçivəsində İstanbulun “Grand Pera” teatr salonunda “Muğam gecəsi” konserti təşkil olunub. Konsert proqramında Əməkdar artist Səbuhi İbayev və gənc xanəndə Nigar Şabanova məlahətli ifaları ilə musiqisevərlərin zövqünü oxşayıblar. Xanəndələri Əməkdar artistlər Sahib Paşazadə (tar), Çinarə Heydərova (qanun), Toğrul Əsədullayev (kamança) və başqaları müşayiət ediblər.

Mədəniyyət Nazirliyinin Türkiyə nümayəndəliyinin rəhbəri Nurlana Çakmak, tarzən Sahib Paşazadə və başqaları Azərbaycanda qədim muğam musiqisinin inkişafına göstərilən diqqət və qayğıdan, dərin və bitkin təfəkkür, bədii həyəcan ifadə edən muğamın özünəməxsusluğundan danışıblar.

Səbuhi İbayevin və Nigar Şabanovanın birlikdə ifa etdikləri “Qarabağ şikəstəsi” muğamsevərlər tərəfindən hərarətli alqışlarla qarşılanıb.

Konsert çərçivəsində Azərbaycan tarixini, mədəniyyətini, müasir inkişafını və füsunkar təbiətini əks etdirən fotosərgi açılıb.

“Azərbaycana musiqi estafeti” şüarı ilə İstanbulda keçirilən açılış konserti dahi bəstəkarımız Qara Qarayevin 100 illik yubileyinə həsr olunub. Caz musiqisinə həsr ediləcək növbəti konsert isə mayın 2-də keçiriləcək.


azertag.az