On yaşlı pianoçumuz beynəlxalq müsabiqələrdə birinci olub
30.4.2018

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin nəzdində fəaliyyət göstərən G.Şaroyev adına 35 nömrəli onbirillik musiqi məktəbinin 5-ci sinif şagirdi Şirin Əmiraslanova İspaniyanın paytaxtı Madriddə keçirilən II Beynəlxalq piano müsabiqəsində iştirak edib.

İdarədən verilən məlumata görə, beş yaş qrupu üzrə iki turdan ibarət müsabiqəyə ölkəmizlə yanaşı, İspaniya, Estoniya, Almaniya, Çin, Rusiya, Bolqarıstan, İtaliya və digər ölkələrdən 70-dən çox iştirakçı qatılıb. Müsabiqədə Şirin Əmiraslanova görkəmli bəstəkarlar Volfqanq Amadey Motsart, Frederik Şopen, Qara Qarayev və İ.Albenizin Pavana-Capriççiosunun perfomansını ifa edərək beynəlxalq tərkibli münsiflərin yekdil qərarı ilə müsabiqənin laureatı adını qazanaraq birinci yerə layiq görülüb.

On yaşlı pianoçumuz, həmçinin Parisdə keçirilən A.Skryabin adına pianoçuların XVIII Beynəlxalq müsabiqəsində də uğurla çıxış edərək birincilik qazanıb.


azertag.az