Xəbər verdiyimiz kimi, Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə üçüncü dəfə keçirilən Formula 1 Azərbaycan Qran-Prisinə yüksək səviyyədə hazırlaşıb.
Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Əliqismət Lalayev məlumat verib ki, bu münasibətlə paytaxta təşrif buyuran qonaqların mədəni istirahətlərinin lazımi səviyyədə təşkil edilməsi ilə bağlı maraqlı tamaşalar təqdim olunub.
“Musiqili Teatr Formula 1 həftəsində xüsusi repertuarla çıxış edib. Belə ki, teatrda ötən həftənin sonunadək üç səhnə əsəri - “Mənim günahım”, “Ər və arvad”, “Arşın mal alan” tamaşaları teatrsevərlərin ixtiyarına verilib. Üç gün ərzində səhnə əsərlərini paytaxt sakinləri ilə yanaşı, Hollandiya, Türkiyə və İran vətəndaşları da izləyiblər. Teatr rəhbərliyi tərəfindən xarici vətəndaşlar üçün ingilis, rus və ərəb dillərində bukletlər də hazırlanıb. Qonaqlar səhnə əsərlərini ingilis dilində tərcümə sətirlər vasitəsilə izləyə biliblər”, - deyə sənət ocağının direktoru söyləyib.
azertag.az