Parisdə “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum keçirilir
30.4.2018

Aprelin 30-da Parisdə Beynəlxalq Türk Akademiyası (TWESCO) və UNESCO-nun birgə təşkilatçılığı ilə təşkilatın mənzil-qərargahında “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” mövzusunda Beynəlxalq Forum işə başlayıb.

Forumun açılışında Azərbaycanın UNESCO yanında daimi nümayəndəliyinin rəhbəri səfir Anar Kərimov Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı təbrik məktubunu oxuyub.

Məktubda qeyd edilir ki, 20 ölkədən alim, türkoloq və rəsmi şəxslərin bir araya gəldikləri bu forumun işi türkdilli dövlətlər və xalqlar arasında münasibətlərin dərinləşməsinə töhfə verəcək. Əlamətdar haldır ki, “Mənəvi yenilənmə və mədəni irs: keçmişdən gələcəyə türk dili” kimi aktual mövzuya həsr olunan bu forum məhz ümumdünya maddi və qeyri-maddi mədəni irsin qorunmasında xüsusi xidmətləri olan UNESCO-nun mənzil-qərargahında keçirilir. Bu cür forumlar xalqlar arasında təmasların artması, alimlərin və müvafiq elm mərkəzlərinin əməkdaşlığının genişlənməsi üçün yaxşı imkanlar açır. Azərbaycan türkdilli dövlətlər və xalqlar arasında bütün sahələrdə əlaqələrin inkişafını daim dəstəkləyir və bu işə hər zaman töhfələr verməyə çalışır. Dövlətimizin başçısı inandığını bildirib ki, forum çərçivəsində aparılacaq fikir mübadiləsi və müzakirələr türk dillərinin aktual problemlərinin həllinə, bu sahədə əməkdaşlığın yeni istiqamətlərinin müəyyən edilməsinə, bütövlüdə isə əlaqələrimizin daha da möhkəmlənməsinə xidmət edəcək. Azərbaycan Prezidenti türkdilli dövlətlər və xalqlar arasında elm və təhsil sahəsində əməkdaşlığın inkişafını təşviq edən Beynəlxalq Türk Akademiyasının fəaliyyətini və təşəbbüsünü təqdir edib.

Anar Kərimov çıxışında forumun türk xalqları və ölkələri arasında əməkdaşlığın, eləcə də dünya sivilizasiyasının inkişafına böyük töhfələr verəcəyini bildirib. O qeyd edib ki, türk dili Avropadan Asiyaya qədər geniş məkanda yayılan bir dildir.

Sonra Qazaxıstanın və Qırğızıstanın səfirləri ölkələrinin prezidentlərinin foruma ünvanladıqları təbrik məktublarını oxuyublar.

Türkdilli ölkələrin UNESCO yanında daimi nümayəndələrinin rəhbərləri çıxış edərək forumun əhəmiyyəti haqqında danışıblar.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva çıxış edərək forumun türk dillərinin qorunmasına və türk dilində danışan xalqlar arasında mədəni əlaqələrin inkişafına töhfə verəcəyini bildirib. O, mədəniyyətin inkişafında, milli dəyərlərin, eləcə də xalqların mənəvi dəyərlərinin qorunmasında və zənginləşməsində, mədəniyyətin, ədəbiyyatın nəsildən-nəslə ötürülməsində, xalqların birliyində dilin böyük rol oynadığını diqqətə çatdırıb. Bildirib ki, dilin təhlükə altında olması mədəniyyətin ən vacib parçasını itirməsi deməkdir. Dil milli dəyərlərin formalaşması, yayılması baxımından böyük əhəmiyyət daşıyır. Dilin ölməsi bəşəriyyətin ortaq milli mədəni irsinin itirilməsi deməkdir.

Forumun açılışından sonra mükafatlandırma mərasimi keçirilib.

Tədbir işini panel iclaslarla davam etdirir.


azertag.az