Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Binəqədi rayonunun orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Heydər Əliyev və müstəqil Azərbaycan” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Müsabiqə Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, rayon gənclər və idman idarəsi, Bakı Humanitar Kolleci tərəfindən təşkil olunub.
Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Şəmsi Gülverdiyev, rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, YAP Binəqədi rayon təşkilatının gənclər birliyinin sədri Fəsli Nəbiyev tədbirdə çıxış edərək ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclər arasında geniş təbliği məqsədilə müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini diqqətə çatdırıblar. Bildirilib ki, belə müsabiqələr məktəblilərin ədəbi dilin normalarına uyğun yazmaq və öz fikirlərini sərbəst bildirmək bacarıqlarının təkmilləşdirilməsinə mühüm töhfə verir.
Qaydalar elan olunduqdan sonra müsabiqəyə start verilib. İnşa yazıları Binəqədi rayon gənclər və idman idarəsi tərəfindən hazırlanmış və kodlaşdırılmış xüsusi dəftərlərdə yazılıb. Yazıların yoxlanılması Bakı Humanitar Kollecinin müəllimlərindən ibarət münsiflər heyətinə həvalə edilib.
azertag.az