Eksternat imtahanlarına sənəd qəbulu və qeydiyyat başa çatıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, tam orta təhsil səviyyəsi (XI sinif) üzrə eksternat imtahanlarında iştirak etmək üçün 378 ərizə qeydiyyata alınıb.
Eksternat imtahanları 15-16 may tarixlərində paytaxtdakı 258 nömrəli tam orta məktəbdə təşkil olunacaq.
Ərizələri BŞTİ tərəfindən qəbul edilmiş eksternlər 7, 8, 10, 11 may tarixlərində saat 10:00-dan 18:00-dək 258 nömrəli tam orta məktəbdən (şəxsiyyət vəsiqələrini təqdim etməklə) imtahana buraxılış vərəqələrini əldə edə bilərlər.
Eksternat imtahanlarında uğur qazanmış şəxslər tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən tam orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.
Qeyd edək ki, sərbəst (eksternat) təhsilalma formasının tətbiqi müxtəlif səbəblərdən tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərə həmin səviyyə üzrə buraxılış imtahanı verib müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır.
trend