Səfir: "Hindistan və Azərbaycan arasında dostluq avtoyürüşü Şimal-Cənub marşrutunun təbliğinə yönəlib"
2.5.2018

"Hindistan və Azərbaycan arasında dostluq avtoyürüşü Şimal-Cənub marşrutunun təbliğinə yönəlib".

Bunu Hindistanın Azərbaycandakı səfiri Sancay Rana mətbuat konfransında deyib.

O qeyd edib ki, “India-Azerbaijan INSTC Motor Car Rally” avtoyürüşü rəmzi olaraq Şimal-Cənub dəhlizinin tərəfdaş ölkələrindən - Azərbaycan, İran, Rusiya və Hindistandan keçir: "Azərbaycan əsas oyunçudur, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin birləşdiyi ölkədir. Azərbaycan bu baxımdan öz rolunu başa düşərək lazımi kapitalı ayırır və onun həyata keçirilməsini tam dəstəkləyir".

Qeyd edək ki, 10 min km uzunluğunda olan avtoyürüş artıq İranın Bəndər Abbas limanından başlayıb və mayın 4-də ralli iştirakçıları marşrutun Azərbaycan hissəsinə çatacaqlar. Mayın 5-də Bakıya gələcək yürüşçülər ardından Rusiyaya gedəcəklər. Yürüşdə 20 avtomobil iştirak edir.

report.az