Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz işləyən GPS stansiyası qurulub
2.5.2018

Şamaxı Astrofizika Rəsədxanasında yeni fasiləsiz fəaliyyət göstərən GPS stansiyası qurulub.

AMEA Geologiya və Geofizika İnstitutundan verilən məlumata görə, GPS stansiyası Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) “Müasir Geodinamika və Kosmik Geodeziya” şöbəsinin ABŞ Massaçusets Texnologiya İnstitutunun “Yer, Atmosfer və Planetar Elmlər” departamenti ilə birgə apardığı “Ərəbistan-Avrasiya plitələrinin toqquşma zonasında kontinental deformasiyaların aydınlaşdırılması” Meqa Beynəlxalq layihəsi çərçivəsində Azərbaycan GPS şəbəkəsinin genişlənməsi məqsədilə quraşdırılıb.

GGİ ilə ABŞ Massaçusets Texnologiya İnstitutunun 1998-ci ildən birgə əməkdaşlığı nəticəsində Azərbaycan GPS şəbəkəsi yaradılıb və yer səthinin üfüqi hərəkətlərinin öyrənilməsi məqsədi ilə monitorinqlərin aparılması davam edir. Yeni qurulmuş Şamaxı GPS stansiyası da daxil olmaqla, hazırda bu GPS şəbəkəsinə fasiləsiz olaraq fəaliyyət göstərən 7 stansiya - Bakı, Pirşağı, Şəki, Gəncə, Neftçala, Sabirabad və Şamaxı GPS stansiyaları daxildir. Şəbəkədə 26 GPS ölçü məntəqəsi də mövcuddur ki, 1998-2018-ci illər ərzində bu müşahidə nöqtələrində 10-15 dəfə təkrar ölçü işləri həyata keçirilib.

Azərbaycan GPS şəbəkəsindən əldə olunan məlumatlar Qafqaz ərazisinin müasir geodinamik şəraitini proqnoz etməyə imkan verir. Bu şəbəkədə əldə olunan məlumatlar ABŞ Milli Elm Fondu (NSF) və Milli Aeronavtika və Kosmik Fəzanın Tədqiqi İdarəsi (NASA) tərəfindən yaradılan Beynəlxalq UNAVCO məlumat bazasına on-line rejimdə ötürülməkdədir. Hazırda UNAVCO qurumunun məlumat bazasında dünya üzrə 3800-dən çox GPS stansiya məlumatı arxivləşdirilir.

GPS monitorinq işləri Yerin ölçülərinin və formasının təyinində, yer səthindəki deformasiyaların, qitələrin tektonik hərəkətlərinin öyrənilməsində və zəlzələ təhlükəsinin tədqiqində geniş şəkildə tətbiq edilir. Geodinamik problemləri öyrənmək üçün dünyanın ABŞ, İngiltərə, Yaponiya, Rusiya, İtaliya, Türkiyə və digər ölkələrdə elmi tədqiqat işləri aparılır.

AMEA Nəsrəddin Tusi adına Şamaxı Astrofizika “Geofizika” tədqiqat laboratoriyasının təkmilləşdirilməsi və birlikdə tədqiqatların aparılması məqsədilə gələcəkdə burada yerin qravitasiya və maqnit sahələrinin variasiyalarının ölçülməsini təmin etmək üçün qravimetrik və maqnit variasiya stansiyalarının qurulması, radiometrik, geotermik cihazların yerləşdirilməsi də planlaşdırılır.

trend.az