İyunun 19-dan 29-dək Türkiyənin Mersin, İstanbul və Kiprin Girnə şəhərlərində 14-cü TÜRKSOY Opera Günləri keçiriləcəkdir.
Tatarıstanın məşhur şairi Abdullah Tukayın anadan olmasının 125 illiyinə həsr edilmiş builki tədbirlərdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Ukrayna, Rusiya və Moldovadan 13 sənətçi iştirak edəcəkdir.
Mədəniyyət və Turizm Nazirliyindən daxil olan məlumata görə, Azərbaycanı tədbirdə Dövlət Akademik Opera və Balet Teatrının solisti İlahə Əfəndiyeva təmsil edəcəkdir. İ.Əfəndiyeva 2005-ci ildən bu teatrın solistidir. Bir sıra beynəlxalq vokal müsabiqələri və festivallarının iştirakçısı olmuşdur. Moskvada Qalina Vişnevskaya adına Opera Mərkəzində ixtisasartırma kurslarını bitirmişdir. Üzeyir Hacıbəylinin “Koroğlu” operasında Nigar, Müslüm Maqomayevin “Şah İsmayıl” operasında Gülzar, Cüzeppe Verdinin “Traviata” operasında Violetta və başqa partiyaları böyük uğurla ifa edir.