Bakıda Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası keçirilir
2.5.2018

Mayın 2-də Bakıda Logistika üzrə Səlahiyyətli İqtisadi Operatorların Beynəlxalq Assosiasiyasının illik Assambleyası və Konfransı keçirilir.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev respublikamızın iqtisadi sahədə son illər əldə etdiyi nailiyyətlərdən, eləcə də Dövlət Gömrük Komitəsinin bu sahəyə verdiyi töhfələrdən bəhs edib.

Komitə sədri bildirib ki, qlobal ticarət təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi, gömrük orqanlarının potensialının gücləndirilməsi və iqtisadi nailiyyətlərin əldə edilməsi gömrük işi sahəsində islahatların aparılmasını ehtiva edir. Belə ki, ümummilli liderimiz Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin bu gün uğurla davam etdirdiyi praqmatik siyasət nəticəsində ölkəmizdə bütün sahələrdə, o cümlədən qeyri-neft sektorunda dinamik inkişaf gedir və yeni-yeni islahatlar aparılır.

Daxili bazarın qorunması, yerli istehsalın və ixracın stimullaşdırılmasında əhəmiyyətli rol oynayan Azərbaycanın gömrük orqanları dövlət başçısının diqqət və qayğısı sayəsində, xüsusən bu sahənin inkişafına dair müvafiq dövlət proqramı çərçivəsində reallaşdırılan genişmiqyaslı tədbirlər nəticəsində ilbəil təkmilləşməkdə və müasirləşməkdə davam edir.

Azərbaycan gömrük xidmətinin ümumi fəaliyyət strategiyası regionda qanuni ticarətin inkişafına əlverişli şəraitin yaradılması, beynəlxalq ticarət-təchizat zəncirinin təhlükəsizliyinin təmin edilməsi və xarici iqtisadi fəaliyyətin stimullaşdırılması yolu ilə ölkədə ticarət-investisiya mühitinin daha cəlbedici olmasına yönəlib.

Komitə sədri qeyd edib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyət və sivilizasiyaların kəsişdiyi ərazidə yerləşən böyük intermodal mərkəz olaraq, Şimal və Cənub, Qərb və Şərq arasında körpü rolunu oynayıb. Ölkə ərazisində müasir tələblərə cavab verən gömrük işinin formalaşması istiqamətində atılan mühüm addımlardan danışan Səfər Mehdiyev bildirib ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və keçən il istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu xətti tranzit daşımalarının sürətlənməsi və ticarətin sadələşdirilməsi üçün mühüm amillərdəndir: “Prezident İlham Əliyevin təbirincə desək, bu yolun fəaliyyəti nəticəsində yol boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi və qarşılıqlı sərmayə qoyuluşu artacaq, bütün iştirakçı ölkələr arasında əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə və təhlükəsizliyə xidmət göstərəcək və təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq”.

Komitə sədri bildirib ki, hazırda yüksək Avropa standartlarına uyğun mükəmməl maddi-texniki və normativ-hüquqi bazaya, ən müasir infrastruktura və informasiya kommunikasiya texnologiyalarına malik Azərbaycan gömrüyü özünün beynəlxalq əlaqələrini daim genişləndirir.

S.Mehdiyev vurğulayıb ki, Azərbaycan Gömrük Xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasətini uğurla həyata keçirir, onun quru, hava və dəniz yollarında respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyur. Dövlət Gömrük Komitəsi, eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. “Məlumdur ki, ticarətin asanlaşdırılması ölkələrin rifahına, iqtisadiyyatın inkişafına, ixrac potensialının artmasına və beynəlxalq rəqabət qabiliyyətinin gücləndirilməsinə gətirib çıxarır, bu da öz növbəsində ölkədə güclü və etibarlı gömrük-biznes əməkdaşlığının olması üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, ölkəmizdə Səlahiyyətli İqtisadi Operator Proqramının və “Yaşıl dəhliz” buraxılış sisteminin tətbiqinə başlanması bu əməkdaşlıq istiqamətində atılmış mühüm addımlardandır. ÜGT-nin Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi Üzrə SAFE Çərçivə Standartlarının ikinci sütunu - Gömrük-Biznes Əməkdaşlığı çərçivəsində mühüm bir anlayış olan Səlahiyyətli İqtisadi Operator, gömrük-biznes əlaqələrinin genişləndirilməsi və inkişaf etdirilməsinə xidmət edir və Dövlət Gömrük Komitəsi Səlahiyyətli İqtisadi Operator (SİO) Proqramının Azərbaycanda daha da genişləndirilməsi və möhkəmləndirilməsində maraqlıdır”.

Komitə sədri çıxışının sonunda gömrük, nəqliyyat, logistika, xarici ticarət və özəl sektor nümayəndələrini bir araya gətirən bu konfransın iştirakçılar arasında təcrübə mübadiləsinin aparılmasına böyük imkan yaradacağına, gömrük-gömrük münasibətləri ilə yanaşı gömrük-biznes əməkdaşlığının inkişafına, həmçinin faydalı əlaqələrin qurulmasına və yeni uğurların əldə olunmasına öz töhfəsini verəcəyinə ümidvar olduğunu söyləyib.

Gömrük və Logistika üzrə SİO Beynəlxalq Assosiasiyasının prezidenti Antonio Llobet de Pablo bildirib ki, SİO Bakı Konfransı Asiya və Avropanı birləşdirən yeni intermodal nəqliyyat və logistika xəritəsini “Yeni İpək Yolu”nu anlamaq imkanı yaratmaqla iştirakçılara xüsusi töhfə verəcək. “Biz Azərbaycandan keçən regional dəhlizlərdə fəaliyyət göstərən dövlət qurumları və şirkətlərin perspektivlərini öyrənəcəyik. Bu, gömrük və logistika beynəlxalq birliyi üçün yeni iştirakçılarla tanış olmaq, ticarətlə bağlı yeni imkanları öyrənmək və onların Latın Amerikası da daxil olmaqla digər regionlar üçün əhəmiyyətini müzakirə etmək üçün unikal imkandır”, - deyə Antonio Llobet de Pablo bildirib.

Assosiasiya prezidenti əlavə edib ki, bu gün Marco Polo ticarət marşrutunun dirçəlməsi ilə Almaniya, Benilüks ölkələri, İtaliya, Polşa və İspaniyanın bütün əsas Avropa sənaye birlikləri Bakıdakı yeni intermodal mərkəz vasitəsilə Azərbaycan, İran, Türkmənistan və Qazaxıstandakı təyinat yerləri ilə əlaqələnir.

Konfransda təhlükəsiz biznes mühitinin başlıca elementləri, SİO proqramı üzrə dövlət və özəl sektor təcrübəsi, blok zənciri, gömrük və logistika əməliyyatları kimi təchizat zəncirinin təhlükəsizliyində mühüm əhəmiyyət kəsb edən məsələlər müzakirə olunur.

Toplantıda, həmçinin Ümumdünya Gömrük Təşkilatı baş katibinin müavini Rikardo Trevino, İspaniya Gömrük və Aksiz İdarəsinin baş direktoru xanım Pilar Jurado, "KGH Border Services" şirkətinin prezidenti və icraçı direktoru Lars Karlsson, Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri, səfir Kestutis Jankauskas və Ümumdünya Gömrük Təşkilatı Şurasının sədri Enrique Kanon iştirak edir.

Tədbirdə 25 ölkədən təqribən 150 nümayəndə iştirak edir. Beynəlxalq toplantı mayın 4-dək davam edəcək.

Xatırladaq ki, SİO konsepsiyası Ümumdünya Gömrük Təşkilatı tərəfindən təqdim edilən gömrük-biznes əməkdaşlığına əsaslanır. SİO meyarlarına könüllü şəkildə riayət edən ticarətçilər təchizat zəncirinin təhlükəsizliyi üzrə ümumi məqsədə nail olmaq üçün gömrük orqanları ilə əməkdaşlıq edirlər. Gömrük və vergi qanunvericiliyinin tələblərinə riayət olunması sahəsində təcrübəyə malik və iqtisadi fəaliyyət üzrə heç bir hüquqpozmaya yol verməyən, müvafiq təhlükəsizlik və mühafizə tədbirlərini təmin edən, məlumatların qeydiyyatı üzrə qənaətbəxş sistemə və maliyyə imkanlarına malik şirkətlərə gömrük xidməti tərəfindən SİO sertifikatları verilir.


azertag.az