Pakistanın nüfuzlu “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanı “Humanizm simvolu–2012-ci ilin adamı” elan etmişdir. Yanvarın 22-də İslamabadın “Serena” mehmanxanasında mükafatın təqdimetmə mərasimi keçirilmişdir.
Tədbirdə Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi, Senatın sədr müavini Sabir Bəluc, Milli Assambleyanın və Senatın komitə sədrləri, senatorlar, Milli Assambleyanın deputatları, digər dövlət və hökumət adamları, tanınmış ziyalılar, nüfuzlu universitetlərin rektorları, jurnalistlər, bir sıra ölkələrin İslamabaddakı səfirləri iştirak etmişlər.
Qadın Könüllülər Təşkilatının sədri xanım Samina Şah Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanda həyata keçirilmiş humanitar layihələr haqqında geniş məlumat vermişdir. Qeyd edilmişdir ki, 2007-ci ildə Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə Pakistanın zəlzələdən zərər çəkmiş Müzəffərabad şəhərində qızlar məktəbi tikilmiş, 2012-ci ildə isə həmin məktəb əsaslı təmir edilmiş, orada yenidənqurma işləri aparılmışdır. Fond tərəfindən Pakistanda silsilə humanitar yardımlar proqramı çərçivəsində “Edhi Home” kimsəsizlər evində sığınacaq tapan uşaqlara tibbi baxış və hepatit B virusuna qarşı peyvəndləşdirmə aparılmış, Peşavar şəhərində “Akbar Care” Serebral Paraliç İnstitutunda, həmçinin Xeybər Paxtunxva əyalətinin Laki Marvat şəhərinin qadınlar və uşaqlar xəstəxanasında imkansızlar üçün pulsuz müayinə təşkil edilmiş, İslamabad şəhərinin “Kulsum İnternational” klinikasında açıq ürək əməliyyatları maliyyələşdirilmiş, Həmzə Fonduna (Peşavar) müasir qanköçürmə avadanlığı və laboratoriya ilə təchiz edilmiş təcili tibbi yardım avtomobili və 2000 qanköçürmə paketi hədiyyə edilmiş, Xeybər Göz Fondunun yeni binasının inşası üçün maddi yardım göstərilmiş, Pakistanın bütün əyalətlərində Ramazan ayında iftar süfrələri təşkil edilmiş, Qurban bayramında Lakki Marvat bölgəsində və Pəncab əyalətində qurbanlıqlar kəsilərək əhalinin kasıb təbəqəsinə paylanılmışdır.
Xanım Samina Şah demişdir ki, “Daily Times” qəzeti və Qadın Könüllülər Təşkilatı bütün bunları nəzərə alaraq Mehriban xanımı “Humanizm simvolu–2012-ci ilin adamı” elan etmişdir.
Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımın nəcib və xeyirxah fəaliyyətini, rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Pakistan da daxil olmaqla xarici ölkələrdə həyata keçirdiyi xeyriyyə tədbirlərini əks etdirən videoçarx nümayiş etdirilmişdir.
Pakistan Milli Assambleyasının sədri vəzifəsini icra edən Fəsəl Kərim Kundi mükafatı Azərbaycanın Pakistandakı səfiri Daşqın Şikarova təqdim etmişdir.
Mərasim məktəblilərin tanınmış instrumental qrupunun ifasında konsert proqramı ilə başa çatmışdır.
Təqdimat mərasimi Pakistanın nüfuzlu mətbuat orqanlarında - “Pakistan Observer”, “The News”, “Daily Times” və “The Nation”, “DNA News”, “Centreline”, həmçinin PTV, DRY News, Vakt TV, CNBC və digər yerli kanallarda geniş işıqlandırılmışdır.
Azertag