Mayın 1-də Gəncliyə Yardım Fondunda Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 və Ulu öndər Heydər Əliyevin 95 illiyinə həsr olunmuş “Çiçəklənən Azərbaycan” adlı sərgi açılıb.
Azərbaycan Rəssamlar İttifaqı, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin dəstəyi ilə keçirilən sərginin layihə rəhbəri gənc rəssam Elnurə İsgəndərova, təşkilatçısı isə Aygün İsgəndərovadır. Sərgidə müxtəlif yaş qruplarına mənsub rəssamların və dekorativ sənət ustalarının əsərləri nümayiş olunub.
Tədbirdə Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecin, Xalq Rəssamı Arif Hüseynov, İctimai Birliyin sədri Emin Həsənli, Azərbaycan Respublikası Ehtiyatda olan Zabitlər Konfederasiyası İctimai Birliyinin sədri, general-mayor Məhəmmədhüseyn Sarıyev və başqaları çıxış edərək bildiriblər ki, müsəlman Şərqində ilk dünyəvi, demokratik dövlət olan Xalq Cümhuriyyəti cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından böyük əhəmiyyət kəsb edib.
Natiqlər müstəqil Azərbaycan Respublikasının AXC-nin varisi olduğunu bildirərək ölkəmizin, Xalq Cümhuriyyətinin təməlini qoyduğu bütün demokratik ənənələrə sadiq qalaraq, həmin dəyərləri hazırkı dövrdə də yaşatdığını qeyd ediblər.
Müstəqilliyin bərpasından sonra müasir Azərbaycan dövlətinin ümummilli lideri Heydər Əliyevin və ulu öndərin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində Cənubi Qafqaz regionunda lider dövlətə çevrildiyini bildiriblər.
Vurğulanıb ki, təsviri və tətbiqi sənətin bütün nominasiyaları üzrə 200-dən çox rəssamın 150-ə qədər əsərinin nümayiş olunduğu sərgi Azərbaycan Xalq Cümhuriyyətinin 100 və ulu öndər Heydər Əliyevin 95 illiyinə gözəl bir töhfədir.
Sonda sərgidə əsərləri nümayiş olunan rəssamlara diplomlar təqdim edilib.
azertag.az