Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Suraxanı rayon Heydər Əliyev Mərkəzində Ümummilli Liderin 95 illiyinə həsr olunmuş konsert proqramı təqdim olunub.
İdarədən bildirilib ki, tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayon Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Konsert proqramı 3 nömrəli uşaq incəsənət məktəbinin xor kollektivinin Ulu Öndərə ithaf olunan T.Cəbrayılovun “Ey vətən” əsərinin ifası ilə başlayıb.
Məktəbin şagirdlərinin ifasında Q.Qarayevin “Eskiz”, A.Məlikovun “Qızlar rəqsi”, H.Vəkilovun “Şıdrığı”, F.Şopenin “Fantaziya- expromt”, L.Minkusun “Don Kixot”, K.Debüsinin “Doktor Qradus”, F.List və C.Verdinin “Riqoletto”, V.Adıgözəlovun “Bayram suitası” və digər bəstəkarların əsərləri səsləndirilib.
Sonda məktəbin şagirdləri konsertdə fəal iştiraklarına görə diplomla təltif ediliblər.
azertag.az