UEFA Millətlər Liqasında Azərbaycan millisi ilə eyni qrupda yer alan Malta yığmasının baş məşqçi postunda dəyişiklik edilib.
Belçikalı Tom Saintfiti yerli mütəxəssis Rey Farruciya əvəzləyib. Bu barədə qərar qurumun İcraiyyə Komitəsində yekdilliklə qəbul olunub.
MFF-nin prezidenti Norman Darmanin Demajo təyinatla bağlı bildirib ki, vəziyyəti nəzərə alaraq, komandanı yerli məşqçiyə tapşırmalı olduqlarını hiss ediblər. O, yığmanı ölkənin futbol sektorunun bir hissəsi olan, Malta futbolunu yaxşı bilən və kollektivi beynəlxalq oyunlara hazırlamaq təcrübəsi olan birinə həvalə etməyi məqsədəuyğun saydıqlarını söyləyib: “Milli komandamızın davamlılığı bizim əsas prioritetimizdir. Farruciya bu missiyanı effektli şəkildə yerinə yetirmək üçün bacarıq və təcrübəyə malikdir”.
Farruciya daha əvvəl Maltanın əsas yığmasında məşqçi, U-21 yığmasında isə baş məşqçi postunu tutub.
Qeyd edək ki, Azərbaycan millisi Malta ilə sentyabrın 10-da səfərdə, oktyabrın 14-də isə evdə qarşılaşacaq.
report.az