Qoç - təzə xəbər və dərhal hansısa addım atmaq məcburiyyəti sizdə ruh yüksəkliyi yaradacaq. Lakin qərar verməzdən əvvəl mütləq məsləhətləşin.
İş prosesində insanlar və planların dəyişməsi mümkündür. İstənilən halda müsbət nəticə olacaq.
Cəlb olunduğunuz iş, proses və ya şəritdən faydalanmağa çalışın. Hadisələr sürətlə əvəzlənir.
Yaxınlarınızın qayğısına qalın. Sevdiyiniz insana hədiyyə alın, nə isə bağışlayın.
Hədiyyə verməsəniz, heç olmasa xoş söz deyin.
Buğa - tələsməyin, hər şeyi aramla, təmkinlə başlayın və davam edin. Başlanan işi mütləq tamamlayın. Yaxın ətrafınızdakı insanlardan narazı qala bilərsiniz. Amma indi olduğunuz qayığı yelləmək vaxtı deyil və üstəlik, yaşananların öz-özünə çözümünü tapması şansı var.
Hansısa mövzunun istəyinizə rəğmən, sizdən ciddi diqqət və səy tələb etməsi istisna deyil. Belədə, daha çox çalışmalı olacaqsınız. Təlaşa düşməyin, çünki şərtlərin diqtə etdiyi seçim yeni, maraqlı yolu aça bilər.
Uzaqdan maraqlı xəbər gələ bilər.
Asudə vaxtı sakit istirahətə həsr edin.
Əkizlər - səhər saatlarından etibarən yenilikliklərin şahidi olacaqsınız. Laqeyd olmayın, çünki laqeydliyin əvvəli xudpəsəndlik, sonu itaətdir.
Alllahdan savayı kimsəyə itaət etməyin, kimsədən qorxmayın. İşinizi yaxşı və vaxtında görürsünüzsə, kimlərsə bəlli adamlara və əlaqələrə güvənib sizə niyə əmr etməlidir ki?!
Bağırmaq zəiflərin "silah"ıdır və sizə bağıran adam da əslində məğlub olub - fərqində deyil biçarə.
Sizə faydalı olacaq imkanlardan yararlanın, diqqətli olun.
İşin və tapşırıqların paylanması, kimin nə ilə məşğul olacağından dolayı kollektivdə problem yarana bilər. Hövsələli olun, tələskənlik etməyin.
Rasional olun, hifz və inkişaf etdirmək istədiyiniz nəsnəni güzəştə getməyin.
Evdə qayda yaradın.
Xərçəng - çox məsuliyyətli gündür. Sayıq və təmkinli olsanız, sərfəli zaman kəsiyindən keçərək, düşərli vaxt yaşayacaqsınız. Perspektivləri aydın görün. İşdə yeni təkliflə çıxış edin.
Hər işə əl çatdırmağa, hər yerdə görünməyə, ətrafınızdakı insanlara fəaliyyət planını təlqin etməyə can atmayın.
Tələsməsəniz, prioritetləri düzgün müəyyənləşdirsəniz, işgüzar əlaqələriniz müsbət təkan alacaq.
Dərsdə, işdə, evdə bütün olaylar məhz istədiyiniz istiqamətdə hərəkətə gələ bilər.
Səlahiyyət, karyera və maliyyə məsələlərinin müzakirəsi olacaq.
Axşam saatlarını evə həsr edin.
Şir - bu gün sizi aldatmağa çalışacaqlar. Kiminsə vəzifə səlahiyyəti çərçivəsində görməli işə görə o adama "hörmət" deyərək rüşvət verməyin. Qanun sizin tərəfinizdədir, haqqınızı başqasına yedirməyin. Evdə və işdə fəal olmaq gərəkdir. Ulduzlar bu gün sizə bolluca ünsiyyət və hərəkət təklif edir.
Bufer zonası yaradaraq yaxın ətrafınızdakı emosiyaları bir qədər sakitləşdirmək olar.
Düşmən kəsilmiş tərəfləri sakitləşdirin.
Dostlarla söhbətə, internetdə ünsiyyətə vaxt tapın.
Sizə önəmsiz olmayan insan barədə yeni xəbər alacaqsınız.
Stressdən qurtulmaq üçün özünüzə məşğuliyyət tapın.
Qız - xırda məsələlərə görə qayğılanmayın. Planlar gün ərzində sürəkli dəyişəcək. Saat 14-ə qədər xüsusilə diqqətli olun, çünki bir yerə getmək istəsəniz də, qəflətən fikrinizi dəyişərək başqa yerə üz tuta bilərsiniz.
Şəraitin məzmunu və mahiyyətində dəyişkənlik olacaq. Ünsiyyətdə özünüzü məhdudlaşdırmayın.
Bu gün yeni informasiyalar alacaqsınız.
Gələcəklə bağlı planlar indi formalaşır, əlaqələr cilalanır. Huşyar, sayıq olun, yalançının felinə uymayın. Sizə qarşı fitnə hazırlanır. Fəsada aldanmağınız üçünsə yaxşı tanıdığınız insan barədə böhtana inanmağınız yetər.
Şəxsi münasibətlərdə kiçik stresslər xoş xəbər və hisslə əvəzlənəcək.
Tərəzi - hiss və həyəcanlarınızın spontan izharlarında özünüzü məhdudlaşdırmayın. Görüş, toplantı, yazışma və səfər yeni perspektivlərlə yanaşı, sadəcə, xoş təəssürat yarada bilər.
Problemlər və səhvləri aradan qaldırmaq üçün münasib zamandır.
Tənbəllik etməyin, qaydaya və nizama meylli olun.
Məşqlərə başlamaq üçün yaxşı vaxtdır. İstənilən fiziki aktivlik faydalıdır. Fəqət ifrata varmayın, başağrısına urcah olmayın.
Sizin üçün yalnız öz fikriniz önəmlidirsə, şəxsi münasibətlərdə ciddi problem yarana bilər.
Əqrəb - bu gün alacağınız məlumat çox önəmlidir. Təəssüratlar, yeni imkanlar olacaq. İşgüzar danışıqlar, müzakirələr, yazışmalar bəhrəsini verəcək.
Sözlə işləyənləri uğur gözləyir.
Tək, tənha qalmayın. Aktiv, açıq yaşamı seçin. Enerji bolluğundan yararlanaraq yeni fəaliyyət növü ilə məşğul ola bilərsiniz. Yeni tanışlıq maraqlı olacaq, planlarınıza dəyişiklik edəcəksiniz.
Oxatan - yaradıcı insanlar üçün maraqlı gündür. Günün hissləri və həyəcanları sizi bütünlüklə məşğul edəcək. Emosional sınaqlar vaxtıdır. İndi oyun qaydalarını diqtə etsəniz də, qərar və addımlarınızı yaxın ətrafınızdakı insanlar anlamalıdır.
Kimsənin yolundan keçməyin, daha ağır vəziyyətdə və şəraitdə olan insanlara, sizdən yardım istəyənlərə kömək edin.
Ailə üzvlərinizi narahat edən, qayğılandıran məsələlərlə maraqlanın. Açıq danışın.
Dost və ya tanışla ümumi məqsəd, marağı tapmağa çalışın.
Oğlaq - məqsədə çatmaq üçün var gücünüzlə çalışın, səy göstərin. Artan gərginlik də belə inkişafı şərtləndirəcək. Yaxın adamlarınızla bağlı öhdəliklər və işlərinizlə bağlı sahələrə daha çox diqqət ayırın.
Qayğınız effektiv ola bilər. Lakin ehtiyac yaranarsa, istək və tələblərinizi unudaraq ailə üzvü, ya da yaxın insanınızın mənafeyini ön plana çəkin.
Ev, inşaat və ya təmirlə bağlı işləri həll etmək olar.
Köç, səfər mümkündür.
Ünsiyyət üçün əlverişli gündür. Görüşü öz ərazinizdə təyin edin.
Dolça - bu gün diqqət dağınıqlığı ilə bağlı problemlər olacaq. Xəbər axını diqqəti cəmləşdirməyə, başlanmış və ya planlaşdırılmış işləri sona çatdırmağa mane olacaq.
Əhvalınız heç bir motivasiya, səbəb olmadan dəyişə bilər.
Seçim azadlığı, gedişat əsnasında planları dəyişməyə imkan verən işlərlə məşğul olun.
Danışıqlar, toplantı, görüş uğurla keçəcək.
Aktiv yazışma aparmaq mümkündür.
Xəbər bolluğu, suallara qəfil cavablar, məsləhət, problemin sürətli həlli istisna deyil.
Gün ərzində heç bir işi tamamlaya bilməyəcəksiniz.
Balıqlar - kollektiv və ya sizinlə eyni maraqları paylaşan insanlar xəbər axınının səngiməsinə imkan vermir.
Planlar qurun. Yeniliklər yalnız təbii axarı ilə inkişaf edən hadisələrin təsiri ilə mümkünlür. Heç nəyi tələsdirməyin, əlavə iş götürməyin. İmkan verin ki, olaylar təfərrüatlar və detallarla zənginləşsin.
Dostlarla görüş ruh yüksəkliyi ilə müşayiət olunacaq. Bir yerdə qalmayın.
Mümkün qədər gəzişin, informasiya mübadiləsi edin, müqavilə və ya öhdəliyi müzakirə edin.
Son günlər baş verənləri nəzərə alaraq şəxsi münasibətlərdə yeni istiqaməti müəyyənləşdirin.
Milli.Az