“Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib
3.5.2018

Mayın 2-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin layihəsi çərçivəsində “Heydər Əliyev və Azərbaycan musiqi mədəniyyəti” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfrans ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi münasibətilə məktəblilərin III Respublika müsabiqəsi çərçivəsində təşkil edilib.

Tədbirdə çıxış edən Xalq Artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev bildirib ki, bu cür konfranslar gənc musiqiçilərin inkişafına böyük töhfədir. Rəhbərlik etdiyi musiqi məktəbinin təşəbbüsü, Təhsil Nazirliyinin, Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən, 9 ixtisas qrupu üzrə iki mərhələdə davam edən müsabiqədə 572 iştirakçıdan 215 nəfər seçilib.

Musiqi Mədəniyyəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin müəllimi Səadət Səttarova müsabiqənin müxtəlif ixtisaslar üzrə üç yaş qrupunu əhatə etdiyini bildiriblər. Vurğulanıb ki, müsabiqədə respublikanın rayonlarından ən istedadlı şagirdlər seçilib.

Sonra elmi praktik-konfrans öz işinə başlayıb. Musiqi məktəbi şagirdlərinin ifasında “Heydər Əliyev və Azərbaycan mədəniyyəti”, “Əbədiyyətə qovuşmuş ömür”, “Böyük dühadan ilhamlanan kiçik bəstəkar sözü” və digər mövzularda 27 məruzə dinlənilib.

Konfrans iki gün davam edəcək və qaliblərə diplomlar təqdim olunacaq.


azertag.az