Bakıda gənc rəssamın “Mənim dünyam” adlı rəsm sərgisi açılıb
3.5.2018

Bakıdakı “Qalereya 1969” salonunda gənc rəssam Suada Yusifzadənin “Mənim dünyam” adlı fərdi sərgisi açılıb.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq Rəssamı Ağəli İbrahimov çıxış edərək S.Yusifzadənin əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən danışıb. Bildirib ki, sərgidə rəssamın müxtəlif mövzularda 50-dən çox əsəri nümayiş olunur. Sərgilənən rəsm nümunələri müəllifin bədii dünyasının təzahürüdür: “Bizim gənclərimiz çox istedadlıdır. Suada Yusifzadə də çox böyük uğurla, yüksək zövqlə bu işlərin öhdəsindən gəlir. Sərgi münasibətilə onu təbrik edir, yaradıcılıq uğurları arzulayıram”.

Əməkdar İncəsənət Xadimi Kübra Əliyeva, Bakı Modern Təhsil Kompleksinin baş direktoru Mina Əliyeva və başqaları çıxış edərək rəssamın əsərlərinin özünəməxsusluğu ilə diqqət çəkdiyini nəzərə çatdırıblar. Bildirilib ki, Suadanın işləri məna-məzmun tutumuna görə fərqlidir. Sərgilənən əsərlərin sənətsevərlər tərəfindən maraqla qarşılanacağını vurğulayan natiqlər ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Sonda tədbir iştirakçıları sərgi ilə yaxında tanış olub.

Qeyd edək ki, Suada Yusifzadə 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda Bakı Modern Təhsil Kompleksində təhsil alır. O, həmçinin 2016-cı ildən rəngkarlıq və dekorativ-tətbiqi sənət üzrə “Günxan Art” studiyasında təşkil olunan kurslarda iştirak edir. Bir sıra rəsm müsabiqələrində iştirak edərək diplomlara layiq görülüb. İsveçrə və Norveçin Bakıdakı səfirliklərində fərdi sərgiləri təşkil olunub. Budəfəki sərgidə rəssamın dünyaya baxışını əks etdirən qrafika və rəngkarlıq əsərləri nümayiş etdirilir.


azertag.az