Azərbaycanın rəqs qrupu “Ukrayna xalq kollektivi ansamblı” adına layiq görülüb
3.5.2018

Azərbaycan mədəniyyətini Ukraynada fəal təbliğ edən “Qafqaz” ansamblı “Ukrayna xalq kollektivi ansamblı” adına layiq görülüb.

Bu ad ansambla Ukrayna Mədəniyyət Nazirliyi tərəfindən verilib. Ansamblın yaradıcısı və rəhbəri Nicat Mirzəyev deyib ki, kollektivin bu ada layiq görülməsi Azərbaycan mədəniyyətinin növbəti uğurlarından biridir: “İşimizə sevginin, gecə-gündüz çalışmağımızın bəhrəsini gördük. Ukraynanın xoreoqrafiya tarixində bir iz qoyduq. Bununla da “Qafqaz” ansamblı Ukraynada həmişəlik brendə çevrildi”.

Qeyd edək ki, Nicat Mirzəyev 23 ildən çoxdur Ukraynada yaşayır. O, Qafqaz rəqsləri məktəbində və həmçinin “Qafqaz” ansamblının fəaliyyəti çərçivəsində Azərbaycanın milli rəqslərini ukraynalılara və bu ölkədə yaşayan başqa xalqların nümayəndələrinə tədris edir.


azertag.az