Gənc Tamaşaçılar Teatrı Vladiqafqaz şəhərində qastrol səfərindədir
4.5.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mayın 6-dək Şimali Osetiya-Alaniya Respublikasının Vladiqafqaz şəhərində qastrol səfərindədir.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Vladiqafqaz şəhərində Akademik Milli Dövlət Dram teatrının qonağı olacaq kollektiv görkəmli Azərbaycan ədibi A.Şaiqin “Tıq-tıq xanım” tamaşası ilə Osetiya teatrının səhnəsində çıxış edəcək.

Teatrın direktoru, Əməkdar İncəsənət Xadimi Mübariz Həmidov bildirib ki, teatr sənətimizin müqtədir sənətkarları Hüseyn Ərəblinski və Abbas Mirzə Şərifzadədən sonra bu şəhərdə Azərbaycan teatrının heç bir truppası səfərdə olmayıb. Uzun fasilədən sonra bu şəhərdə Azərbaycan teatrını təmsil etdiyimizdən çox məmnunuq.

Qeyd edək ki, ADGTT dünyanın bir sıra teatrları ilə, eləcə də Rusiya Federasiyasının tərkibində fəaliyyət göstərən teatr kollektivləri ilə “qarşılıqlı qastrol səfərlərinə dair” yaradıcılıq müqavilələri imzalayıb. Öz növbəsində Vladiqafqaz Dövlət Akademik Milli Dram Teatrı Bakıya səfər edərək Azərbaycanda keçiriləcək III Beynəlxalq Şəki Teatr festivalı çərçivəsində mayın 18-dən 21-dək Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının qonağı olacaq. Teatr həm festivalın proqramında, həm də festival başa çatandan sonra Bakıda qastrol səfərini davam etdirərək, V.Korostılevin “Vova möcüzələr ölkəsində” tamaşasını ADGTT-nin səhnəsində nümayiş etdirəcək.


azertag.az