Bakıda İtaliya opera günləri çərçivəsində növbəti təqdimat
4.5.2018

Mayın 3-də İtaliya opera günləri çərçivəsində Azərbaycan Dövlət Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Madama Butterfly” operası nümayiş olunub.

Tamaşaçılar operanın nümayişindən əvvəl teatrının foyesində “Cara İtalia, Alfin di miro” adlı sərgiyə baxıblar. Sərgi mayın 20-dək davam edəcək.

Səhnə əsərində əsas partiyanı – Çio-Çio-San rolunu tanınmış italyan opera müğənnisi Silvana Froli ifa edib. O, vətəni İtaliyada çıxış etməklə yanaşı, Almaniya, Belçika, Norveç, İngiltərə, İspaniya, ABŞ kimi ölkələrdə uğurla keçən qastrol səfərlərində olub. Operada Şarples rolunu isə Ukrayna milli operasının solisti, Əməkdar Artisti Dmitri Qrişin canlandırıb.

Səhnə əsərində, eyni zamanda, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistləri – Əməkdar artistlər Fərid Əliyev (Pinkerton), Səbinə Vahabzadə (Süzuki), Əliəhməd İbrahimov (Qoro), solistlər Tural Ağasıyev (Yamadori) və Səbinə Əhmədova (Ket) iştirak ediblər.

Tamaşanı tanınmış italyan dirijoru, Makedoniya Dövlət Opera və Balet Teatrının dirijoru, professor Yakopo Sipari di Peskasseroli idarə edib.

Qeyd edək ki, opera musiqili verizm nümunəsidir. Uzun illər İtaliya teatrında tətbiq olunmuş süjetli fantastikaya qarşı Puççini bu tamaşada sadə insanların sevinc və kədərlə dolu real həyatını təsvir edib. Opera ilk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 1968-ci ildə səhnəyə qoyulub.


azertag.az