Ukraynanın İvano-Frankovsk şəhərində azərbaycanlı rəssamların sərgisi keçirilib
4.5.2018

Ukraynanın İvano-Frankovsk şəhərində “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik tədbirləri çərçivəsində azərbaycanlı rəssamlar Əkbər Cavadovun və Rasim Seydimovun əsərləri nümayiş etdirilib.

İvano-Frankovsk Şəhər Administrasiyası rəhbərinin və Azərbaycanın Ukraynadakı səfirliyinin təşkilatçılığı ilə baş tutan sərgidə şəhər meri Ruslan Marçinkiv, Azərbaycan, Macarıstan, Bolqarıstan, Gürcüstan və digər ölkələrin səfirləri, ictimai xadimləri, media nümayəndələri iştirak ediblər.

İvano-Frankovsk Şəhər Administrasiyasının rəhbəri Ruslan Marçinkiv çıxış edərək Azərbaycan və Ukrayna arasında mədəni əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycanın Ukraynadakı səfirliyinin yaxından iştirakı nəticəsində hər il İvano-Frankovsk şəhərində keçirilən “Karpatski Prostor” beynəlxalq festivalında Azərbaycan mədəniyyəti, mətbəxi geniş təbliğ olunur. Bu il də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı geniş təqdimatlar olacaq.

Sərgidə digər çıxış edənlər nümayiş olunan əsərləri yüksək dəyərləndiriblər və rəssama uğurlar arzulayıblar.


azertag.az