Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir
7.5.2018

Mayın 7-də Mərkəzi Kliniki Xəstəxanada ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Xəstəxanadan bildiriblər ki, tədbirdə əvvəlcə Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbirdə çıxış edən Mərkəzi Klinikanın baş direktoru İxtiyar Sultanov Ulu Öndərin həyat və fəaliyyəti barəsində toplantı iştirakçılarına geniş məlumat verib: “Müasir Azərbaycan ulu öndər Heydər Əliyevin şah əsəridir. Bu dahi şəxsiyyət bütün təcrübəsini, siyasi biliklərini ölkəmizin inkişafı, xalqımızın güzəranının yaxşılaşması istiqamətində səfərbər etmişdi. Bu dahi şəxsiyətin zəngin irsinə nəzər salarkən məlum olur ki, onun ölkə üçün gördüyü nəhəng işlərin, dəyərli və əzəmətli ideyaların həyata keçirilməsini hər kəs öz sahəsində hiss edir, onun təzahürünü daha aydın və dərindən dərk edir. Hər kəs bir həqiqəti qəbul edir ki, Azərbaycan müstəqilliyinin son 24 ili ərzində həyatımızın bütün sahələrində əldə olunan uğurlar məhz ümummilli lider Heydər Əliyevin və onun layiqli davamçısı Prezident İlham Əliyevin adları ilə bağlıdır”.

Tədbirdə Yeni Azərbaycan Partiyasının üzvü, Mərkəzi Klinikanın həkimi Ofelya Hümbətova mövzu ilə bağlı geniş məruzə ilə çıxış edib, Ümummilli Liderin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.


azertag.az