Zəmanəmizin görkəmli müğənnisi, SSRİ-nin və Azərbaycanın Xalq Artisti Müslüm Maqomayevin əziz xatirəsinə həsr edilmiş 2013-cü il üçün stolüstü təqvim nəşr olunmuşdur.
Rus dilində nəşr olunmuş yeni təqvim nəfis tərtibatı və orijinal dizaynı ilə diqqəti cəlb edir.
Təqvimin üz qabığında ilk televiziyanın fotogörüntüsü əks olunmuş və simvolik olaraq verilişlər proqramı tərtib edilmişdir. Burada ölməz sənətkarın oxuduğu ən məşhur mahnılar - “Azərbaycan”, “Qar üzərində ürək”, “Mənim Bakı şəhərim”, “Əlvida Bakı”, “Odlar Yurdu” və başqaları aylar üzrə bölünmüşdür. Hər səhifədə mahnıların mətni verilmişdir.
Müslüm Maqomayevin pərəstişkarları tərəfindən hazırlanmış təqvimdə ölməz sənətkarın bənzərsiz fotoşəkillərindən də istifadə olunmuşdur.
Ötən il avqustun 17-də dünya şöhrətli musiqiçinin onsuz 70 illik yubileyini qeyd etdik. Hər kəsin ölümündən sonrakı vaxt axarında böyük bir boşluq yaransa da bunu Müslüm Maqomayev kimi sənətkarlara şamil etmək olmaz. Çünki onun zamanı heç vaxt dayanmamışdır. Bunu yeni nəşr edilmiş stolüstü təqvimdən də aydın görmək olar.
© AzərTAc