Mayın 11-12-də Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin təşkilatçılığı, Qazaxıstandakı Türk Akademiyasının dəstəyi ilə “Özbək dilinin beynəlxalq türkologiyada rolu” mövzusunda beynəlxalq konfrans keçiriləcək.
Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, habelə Rusiyadan tanınmış alimlər, türkoloqların qatılacağı konfransda Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və Ədəbiyyatı Universitetinin rektoru, professor Şuxrat Siracəddinov, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali və Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) direktoru Samir Abbasov çıxış edəcəklər.
Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi də tədbirə dəstək göstərir. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) alimləri, habelə tanınmış türkoloq alim Yunus Oğuz konfransda türkologiyanın aktual məsələlərinə dair məruzə edəcəklər.
Tədbir çərçivəsində universitetdə Beynəlxalq Türkologiya Tədqiqatları Mərkəzinin açılışı da nəzərdə tutulub.
Universitetdən bildiriblər ki, Türkologiya Tədqiqatlar Mərkəzinin açılmasının əsas məqsədi türk xalqları arasında əlaqələri daha da dərinləşdirmək, onları daha da yaxınlaşdırmaq və bu sahədə yeni tədqiqatların aparılmasıdır.
azertag.az