Ukraynada beynəlxalq festivalda sənətçilərimizin çıxışı böyük marağa səbəb olub
7.5.2018

Ukraynanın İvano-Frankovsk şəhərində keçirilən “Karpatski Prostor” adlı beynəlxalq festival və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi tədbirləri çərçivəsində mədəniyyət və incəsənət xadimlərimiz çıxış ediblər.

3 gün davam edən festivalda Ukraynada akkreditə olunmuş səfirliklər təmsil olunduqları ölkələrin milli mənəvi dəyərlərini nümayiş etdiriblər.

Festivalın açılış mərasimində Ukraynanın xarici işlər naziri Pavel Klimkin, təhsil naziri Liliya Qrineviç, İvana-Frankovsk şəhərinin meri Ruslan Marçinkiv, Ukrayna Ali Radasının deputatları və digər dövlət rəsmiləri çıxış edərək, beynəlxalq festivala 30-a yaxın ölkənin tanınmış mədəniyyət və incəsənət kollektivlərinin qatıldığını bildiriblər.

Son illər Azərbaycanın dünyanın ən mötəbər mədəniyyət və idman tədbirlərinə ev sahibliyi etdiyini bildirən Ukraynadakı səfirimiz Azər Xudiyev ölkəmizin bu festivala geniş heyətlə qatıldığını vurğulayıb. Azərbaycanda multikulturalizmin və dini tolerantlığın inkişafına göstərilən xüsusi diqqət və qayğıdan bəhs edən səfir bu kimi festivalların keçirilməsini xalqlar arasında dostluğun möhkəmlənməsinə təkan verdiyini qeyd edib.

Festivalda Ukraynada fəaliyyət göstərən Azərbaycanın “Qafqaz” mahnı və rəqs ansamblının rəngarəng çıxışları, xüsusən də gənc müğənni Çingiz Mustafayevin şən və həzin ifaları böyük hərarətlə qarşılanıb.

Sonra mahir pianoçu Etibar Əsədlinin ifasında caz festivalına start verilib. Gənc istedadın konsertinə qatılan Ukraynanın xarici işlər naziri Pavel Klimkin Azərbaycanda bir çox sahələrlə yanaşı, mədəniyyət və incəsənətin inkişafına xüsusi diqqət göstərildiyini bildirib.

Festival çərçivəsində nümayiş olunan “Əli Və Nino” filmi böyük maraqla qarşılanıb. Filmin nümayişi anşlaqla keçib.


azertag.az