Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundovun 200 illik yubileyi münasibətilə bədii filmin çəkilişləri davam edir. M. F. Axundovun həyat və yaradıcılığını əks etdirən film “Sübhün səfiri” adlanacaq. Filmin ssenari müəllifi xalq yazıçısı Anar, quruluşçu rejissoru Ramiz Həsənoğlu, operatoru Kənan Məmmədov, bəstəkarı Cavanşir Quliyev, baş rəssamı Rafiz İsmayılov, rejissoru Akif Rüstəmov, icraçı prodüseri Adil Qulamovdur. Filmin quruluşçu rejissoru Ramiz Həsənoğlu bildirib kii, sözügedən filmin Bakıda çəkilişləri artıq yekunlaşıb. Noyabrın 1-dən etibarən isə Şəkidə filmin növbəti hissəsinin çəkilişlərinə başlanacaq.
Filmdə Azərbaycanın 86 aktyoru çəkilir. Mirzə Fətəli Axundovun gənclik dövrünü gənc aktyor Nicat Həbibov, 50 yaşından ömrünün sonuna kimi olan dövrü isə xalq artisti Rasim Balayev canlandırır. Filmdə Bakıxanov rolunda Fəxrəddin Manafov, Həsən bəy Zərdabi rolunda Məmməd Səfa, Lermontov rolunda Oleq Əmirbəyov çəkilirlər. Filmdə Türkiyədə yaşayan azərbaycanlı aktrisa Məlahət Abbasova da rol alıb. Şəkidəki çəkilişlərdə iştirak etmək üçün sabah Azərbaycana gələcək aktrisa Axundovun həyat yoldaşı Tubu xanım obrazını canlandıracaq.
Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi əsasında Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Dövlət Kinostudiyasında istehsal olunur.
Filmin 2012-ci ildə - M. F. Axundovun 200 illik yubileyinə qədər təhvil verilməsi nəzərdə tutulur.