1953-cü ildən bəri qeyd olunan Dünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib.
Dünanın təşəbbüsü ilə XIX əsrin ortalarında ilk dəfə döyüş meydanlarında yaralılara yardım göstərmək məqsədilə könüllülər qrupu yaradılmağa başlayıb. 1863-cü ildə onun təşəbbüsü ilə Qırmızı Xaçın fəaliyyətə başlamasını elan etmək üçün konfrans çağırılıb. Beynəlxalq Qırmızı Xaçın rəsmi adı Haaqada keçirilən 13-cü beynəlxalq konfransda təsdiq edilib. Konfransda təşkilatın nizamnaməsi qəbul edilib və həmin nizamnamə 1952 və 1965-ci illərdə dəyişdirilib. İlk dəfə Qırmızı Xaç Günü 1948-ci ildə qeyd edilib. Lakin müəyyən vaxtlarda onun adı dəyişdirilib və 1984-cü ildən Dünya Qırmızı Xaç və Qızıl Aypara Günü adlandırılıb.
1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı - Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib.
Bu qurumun vəzifəsi hərbi münaqişələr zamanı yaralılara, xəstələrə və əsirlərə, təbii fəlakət qurbanlarına kömək göstərməkdən ibarətdir. Hərəkatın fəaliyyətinin əsas prinsipləri humanistlik, qərəzsizlik, könüllülük və universallıqdır.
2014-cü ildə Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı bir neçə yubiley və əlamətdar hadisəni qeyd edib-Cenevrə Konvensiyasının yaradılmasının 150 illiyi, Birinci Dünya müharibəsinin başlamasının və hərbi əsirlərin işləri üzrə Beynəlxalq agentliyin təsis edilməsinin 100 illiyi.
Hazırda dünyanın 188 ölkəsində Beynəlxalq Qırmızı Xaçın əməkdaşları və könüllüləri fəaliyyət göstərir.
azertag.az