Son 1 ildə Polşa 1000 nəfər Azərbaycan vətəndaşına işçi vizası verib
8.5.2018

Varşavada Polşanın Sosial Siyasət Nazirliyində Avropa Azərbaycanlıları Konqresi (AAK) və Polşada Azərbaycanlı Gəncləri Şurasının (PAGŞ) təşkilatçılığı ilə Avropanın müxtəlif ölkələrindən gələn azərbaycanlılarla görüş keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, görüşdə AAK, ümumiyyətlə Avropada azərbaycanlıların fəaliyyəti barədə məlumat verilib. Qeyd olunub ki, son bir ildə AAK-ın rəhbərliyi ilə Avropada, o cümlədən Polşada yaşayan azərbaycanlılar yeni layihələrə start veriblər.

Nazirlik rəsmisi M.Sveklej isə Polşaya gələn azərbaycanlıların sayını və fəaliyyət sahələrini açıqlayıb: “Son 1 ildə Polşa tərəfindən 1000 nəfər Azərbaycan vətəndaşına işçi vizası verilib. Əgər əvvəllər Azərbaycandan Polşaya fiziki işçi qüvvəsi gəlirdisə, artıq son vaxtlar informasiya texnologiyaları mütəxəssislərinin gəlişi üstünlük təşkil edir. Texnoloji sahədə azərbaycanlılar fəaldırlar”. Nazirlik rəsmisi Polşadan Azərbaycana gələn turistlərin sayının artdığını da bildirib. O qeyd edib ki, buna səbəb Azərbaycanın tətbiq etdiyi elektron viza sistemi olub.

Görüşdə daha sonra Azərbaycanın işğal olunmuş torpaqları, Ermənistanın təcavüzü nəticəsində 25 ildir davam edən Dağlıq Qarabağ münaqişəsi və bunun nəticəsində bir milyondan çox qaçqının öz yurdlarından didərgin düşməsi haqqında qarşı tərəfə məlumat verilib. M.Sveklejə Xocalı soyqırımından bəhs edən video və çap materialları təqdim olunub.

trend.az