“Atəşgah məbədi”ndə sənətkarlıq yarmarkası təşkil olunub
10.5.2018

“Atəşgah məbədi” Dövlət Tarix Memarlıq Qoruğu və “Ateshgah Art Center”in birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə “Rənglərin festivalı” adlı sənətkarlıq yarmarkası təşkil olunub.

Mədəniyyət Nazirliyindən bildirilib ki, Bakı, Gəncə, Sumqayıt, Quba, Şəki və digər rayonlardan gələn 80-dən artıq sənətkarın əl işləri sənətkarlıq yarmarkasında nümayiş olunub.

Azərbaycan xalq sənət növlərinin bir çox sahələri - misgərlik, zərgərlik, taxta üzərində oyma, xalça, kilim, tikmə, toxuma, keramika işləri xarici qonaqlara yüksək səviyyədə təqdim edilib.

Tədbirdə “AyArt studio”nun 100-dən çox rəsm əsəri sərgilənib.

Heydər Əliyev adına müasir təhsil kompleksi 23 nəfərlik heyəti ilə canlı tikmə üsulunu, Bakı Oxford məktəbi keramikadan əl işlərinin hazırlanması texnologiyasını nümayiş etdirib. 3 nömrəli uşaq incəsənət məktəbinin kollektivi konsert proqramı, 87 nömrəli orta məktəbin müəllim və şagird kollektivi isə musiqi və əyləncə nömrələri ilə çıxış ediblər.

Sənətkarlıq yarmarkasında Mədəniyyət, Gənclər və İdman nazirlikləri, Suraxanı Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak ediblər. Ümumilikdə, tədbirdə 1030 nəfər qatılıb. Onlardan 200 nəfəri xarici, 418 nəfəri məktəbli, 412 nəfəri isə yerli vətəndaş olub.


azertag.az