Gənc Tamaşaçılar Teatrında Ulu Öndərin xatirəsi anılıb
11.5.2018

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Ulu Öndərin 95 illiyinə həsr edilən “Heydər Əliyev mədəniyyətimizin hamisi” adlı tədbir keçirilib.

Teatrın mətbuat xidmətindən bildirilib ki, Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbir iştirakçıları onun teatr sənəti ilə bağlı fikirlərini və sənət adamları ilə görüşlərini əks etdirən videoçarxa baxıblar.

Gənc Tamaşaçılar Teatrının direktoru, Əməkdar Artist Mübariz Həmidov ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə ölkədə teatrın inkişafı üçün yaradılan şəraitdən, onun sənət adamlarına böyük diqqət və qayğısından söhbət açıb. Vurğulayıb ki, mədəniyyət və incəsənət nümayəndələri Ulu Öndər tərəfindən fəxri adlara, yüksək mükafatlara layiq görülüblər.

Tədbirdə Əməkdar İncəsənət Xadimi, teatrın baş rejissoru Bəhram Osmanov, Xalq Artisti, rejissor Vaqif Əsədov, Xalq Artisti Yasin Qarayev və aktyorlar çıxış edərək Ulu Öndərin teatr haqqında söyləmiş olduğu bu fikrini xatırladıblar: “İnsanların mənəvi cəhətdən formalaşmasında teatr həmişə çox böyük rol oynamışdır. İncəsənətin, o cümlədən kino və teatrın gənc nəslə təsiri və tərbiyə qüvvəsi çox böyükdür. Bu qüvvədən bacarıqla istifadə etmək həmişə vacibdir”. Qeyd edilib ki, Ulu Öndərin bu sözləri teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyev respublikada mədəniyyət ocaqlarının açılış mərasimlərində, müxtəlif teatr tamaşalarının premyerasında iştirak edər, aktyorların problemləri ilə maraqlanırdı. Bütün bunlar teatr kollektivlərini yeni yaradıcılıq istiqamətlərinə ruhlandırır, teatrların repertuarını zənginləşdirir, klassiklərin əsərlərinə müasir baxışı qüvvətləndirirdi. Ümummilli Liderin mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və teatr sahəsində çalışanlar Ulu Öndərin xatirəsini, onun teatr və sənət yolunda gördüyü işləri ehtiramla yad edərək yaradıcılıqları boyu hər zaman bu məsuliyyəti hiss edirlər.


azertag.az