Mayın 10-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən konsert olub.
Mədəniyyət Nazirliyindən bildirilib ki, konsertdən əvvəl nazirliyin kollektivi Fəxri xiyabana gələrək Azərbaycan mədəniyyətinin qorunması və inkişafına böyük diqqət və qayğı göstərən ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad ediblər, məzarı önünə gül dəstələri düzüblər.
Tədbirdə Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin müşayiəti ilə Ümummilli Liderə həsr olunmuş III Respublika ifaçılıq müsabiqəsinin laureatları çıxış ediblər. Orkestrin bədii rəhbəri və baş dirijoru Xalq Artisti Teymur Göyçayevdir.
Konsertdə Üzeyir Hacıbəylinin “Arazbarı”, Fikrət Əmirovun “Poema-monoloq”, Qara Qarayevin “İldırımlı yollarla” baletindən rəqs, Niyazinin “Arzu”, Tofiq Quliyevin “Qaytağı”, habelə digər yerli və xarici bəstəkarların əsərləri ifa olunub.
azertag.az