Bakıda Qazaxıstanın mədəni irsinə həsr olunmuş "Qızıl adam" sərgisi keçiriləcək
14.5.2018

Milli Azərbaycan Tarix Muzeyində bu il mayın 22-də Qazaxıstanın Milli Muzeyi ilə birgə qazax xalqının tarixinə həsr olunmuş "Böyük çöl irsi: zərgərlik sənətinin şah əsərləri" sərgisinin açılışı olacaq.

"Qızıl adamın dünya muzeyləri üzrə yürüşü" beynəlxalq sərgi layihəsi çərçivəsində keçirilən sərginin məqsədi azərbaycanlıları Avrasiyanın Böyük çöl qurşağının erkən dəmir dövründəki mədəni irsi ilə tanış etməkdir.

Sərginin əsas eksponatı 1969-cu ildə İssık kurqanında aşkar edilən "Qızıl adam"dır. Arxeoloqların aşkar etdiyi tapıntı Sak tayfalarından olan çarın dəri üzərində qızıldan olan geyimindən ibarət olub. Bu gün "Qızıl adam" bütün dünyada tanınır və Qazaxıstanın rəmzi sayılır.

Qeyd edək ki, Bakıda "Böyük çöl irsi: zərgərlik sənətinin şah əsərləri" sərgisi iyulun 1-dək davam edəcək. Sərgi həmçinin Yaponiya, Cənubi Koreya, Çin, Avstriya, Fransa, Rusiya və ABŞ-da keçiriləcək.

report.az